Malayziyanın yeni Baş Nazirini Kral təyin edəcək

Malayziyanın yeni Baş Nazirini Kral təyin edəcək

Malayziya Kralı Sultan Abdulla bəyan edib ki, ölkənin yeni Baş Naziri parlamentdə seçkilər yolu ilə deyil, onun özü tərəfindən partiya liderləri ilə müzakirələrdən sonra təyin ediləcək.

AZƏRTAC Malayziya KİV-lərinə istinadla xəbər verir ki, Kral bunu ötən həftənin əvvəllərində Baş Nazir Mahathir Məhəmmədin vəzifəsindən istefa verməsindən sonra ölkədə yaranmış hökumət böhranını aradan qaldırmaq məqsədilə bildirib.

Məsələ burasındadır ki, yeni Baş Nazirin təyinatınadək Kral Mahathir Məhəmməddən həmin vəzifələrin icrasını davam etdirməyi xahiş edib.

Parlamentdə yeni Baş Nazirin seçilməsi ilə bağlı aparılan müzakirələrdə namizədlərdən heç biri üstünlük qazana bilməyib. Bundan sonra Mahathir Məhəmməd yeni Baş Nazirin parlamentin martın 2-də keçiriləcək iclasında xüsusi səsvermə yolu ilə seçiləcəyini deyib. Lakin fevralın 28-də parlamentin aşağı palatasının spikeri Mahathir Məhəmmədin buna səlahiyyətinin çatmadığını bildirərək onun təklifini rədd edib. Eyni zamanda, Kral da xüsusi səsverməyə icazə verməyəcəyini bildirib.

Bundan sonra o, yeni Baş Naziri təyin etmək üçün hər bir partiyanın lideri ilə ayrı-ayrılıqda müzakirələr aparacağını və layiqli namizədi müəyyənləşdirdikdən sonra hökumətin yeni başçısını elan edəcəyini deyib.

Mənbə: azertag.az