Binə qəsəbəsində şəhidin anım mərasimi keçirilib

Binə qəsəbəsində şəhidin anım mərasimi keçirilib

Binə qəsəbəsində Xocalı faciəsində şəhid olan Xəqani Aslanovun anım mərasimi keçirilib. Ordu.az xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin, Xəzər və Ağdam rayonları İcra Hakimiyyətinin nümayəndələri, millət vəkili Adil Əliyev, şəhid ailələri, qazilər və şagirdlər iştirak edib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Ermənistanın Azərbaycana qarşı elan olunmadan başladığı müharibədən, müharibənin ağrı-acılarından, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi faciədən danışılıb.

Şəhidin keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilərək bildirilib ki, ailədə dörd qardaşdan üçü şəhid olub. Qardaşlar Vətəni məhəbbətlə seviblər. Xəqani Aslanov da qardaşları kimi qorxmaz və cəsarətli idi.

Millət vəkili Adil Əliyev çıxışında qeyd edib ki, şəhidlik bir çox dəyərləri özündə cəmləşdirən uca zirvədir.

"Azərbaycan naminə şəhid olanlar xalqımıza məxsus olan uca dəyərləri əbədiləşdirirlər. Hər birimiz torpaqlarımızın azadlığı uğrunda döyüşə hazırıq. Şəhidlərin xatirəsini yad etmək hər bir vətəndaş üçün vacibdir. Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik", - deyə o bildirib.


Ali Baş Komandanımızın şəhidlər haqqında fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Adil Əliyev gənclərimizin şəhidlərimizi daha yaxından tanıması və onları örnək bilməsi üçün daha əhatəli tədbirlər keçiriləcəyinə inandığını vurğulayıb. Hər birimizin torpaqlarımızın işğaldan azad olunacağına, şəhidlərimizin ruhunun o zaman təsəlli tapacağına əminliyini bildirib.

Şəhidin oğlu Cəsarət Aslanov çıxış edərək qeyd edib ki, atası Xəqani Aslanov Xocalı faciəsi zamanı Xocalıda dinc sakinlərə kömək edib.

“O, müxtəlif yollarla çox sayda insanı mühasirədən çıxararaq, Ağdama aparıb. Bir müddət sonra o, yenidən Xocalıya qayıdaraq mühasirədə olan insanları çıxarmağa çalışıb. Döyüşdə həlak olub”, - deyə şəhidin oğlu bildirib.

Cəsarət Aslanov tədbir iştirakçılarına və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Mərasimdə çıxış edənlər Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin yad edilməsinin mənəvi borc olduğunu diqqətə çatdırıblar.

Oruc Mustafayev, "Azərbaycan Ordusu"

Mənbə: ordu.az