Türkiyə və Rusiya niyə üz-üzə gəldi? – Şərh

Türkiyə və Rusiya niyə üz-üzə gəldi? – Şərh

2017-ci ildə Türkiyə, Rusiya və İran bir araya gəlib Suriya üzrə Astana formatını yaradarkən, bu ölkələrin hərəsinin öz marağı var idi. Türkiyə Suriyada ona dəstək verməyən və üstəlik, PKK-nın tərəfini tutan, 15 iyul çevriliş cəhdindən sonra Fətullah Güləni himayə etməyə davam edən ABŞ-dan incik düşmüşdü və yeni bir yol axtarışında idi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Türkiyə və Suriya arasında gərginləşən vəziyyətlə bağlı şərhində qeyd edib. O bildirib ki, Rusiya NATO üzvü olan ölkəni öz yanına çəkməkdə və ittifaqın içərisinə nifaq salmaqda, Avropa bazarına əlavə həcmdə təbii qaz çıxarmaq üçün tranzit məntəqəsi kimi Türkiyədən yararlanmaqda, Suriyada, ümumilikdə, Aralıq dənizi hövzəsi və Orta Şərqdə mövqelərini möhkəmləndirməkdə maraqlı idi:

“Moskva ilə müqayisədə Tehran Türkiyəni tərəfdaşlığa qoşmağa, yəni əlavə “şərik” qəbul etməyə daha az həvəsli idi, amma o da bənzər şəkildə Türkiyənin ABŞ ilə əlaqələrinin soyuqlaşmasına “töhfə” vermək istəyirdi və Əsədi qorumaq üçün Suriyaya on minlərlə əsgər göndərmiş ölkə kimi Suriyada Ankaranın dəstəklədiyi qüvvələrin nəzarətindəki ərazilərdən bu dəstələri döyüşsüz çıxarmağa Ərdoğanı razı sala biləcəyinə ümid bəsləyirdi. Türkiyənin taktiki ittifaq qurmuş bu iki ölkə ilə maraqları nəinki Suriyada, ümumən bütün bölgədə üst-üstə düşmürdü, əksinə, toqquşurdu. Amma 15 iyul 2016-cı il hadisəsindən sonra ABŞ-la münasibətlərin korlanması ilə paralel şəkildə türk dövləti içərisində uzun müddətdir var olan avrasiyaçı xəttin xarici siyasətdə ağırlıq qazanmağa başlaması Prezident Ərdoğanın Putin və Ruhani ilə eyni masaya oturması ilə nəticələndi. Tərəflər razılığa gəldilər ki, Suriyada 4 deeskalasiya (gərginliyin azaldılması) zonası yaratsınlar. Bu bölgələrdən birində – İdlibdə deeskalasiyanı Türkiyə həyata keçirməli idi. Bəşər Əsəd Rusiya və İranın, eləcə də Türkiyənin köməyi ilə bu zonalardan üçünü tez bir zamanda nəzarətə götürdü. Türkiyənin köməyi bu oldu ki, həmin ərazilərdən, xüsusən Hələb şəhərindən silahlı qrupların çıxarılıb İdlibə aparılmasında önəmli rol oynadı. Bu hadisələrin gedişində Rusiya Türkiyəyə imkan verdi ki, “Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh çeşməsi” adlanan lokal hərbi əməliyyatlar keçirib, PKK təhlükəsini sərhədlərindən bir qədər uzaqlaşdırsın. Amma qaçılmaz aqibət yaxınlaşırdı və həlledici mərhələdə – Əsəd terrorçu və müxalif qrupların sonuncu qalası İdlibdə əməliyyata başlayıb, irəliləyəndə Türkiyə və Rusiya yenə üz-üzə gəldi”.

Politoloq bildirib ki, İdlib Ərdoğanın qırmızı xəttidir:

“Əvvəla, bu vilayətin də əldən çıxması yeni qaçqın dalğası yaradacaq və hazırda 4 milyon qaçqını çətinliklə saxlayan Türkiyə, xüsusən də iqtisadi böhran şəraitində, yeni humanitar fəlakətin öhdəsindən gələ bilməyəcək. İkincisi, yüz minlərlə qaçqının içərisində kimin terrorçu, kimin dinc sakin olduğunu ayırmaq çox çətin olacaq və minlərlə terrorçu da Türkiyəyə keçib ciddi asayiş və təhlükəsizlik problemləri yaradacaq. Üçüncüsü, İdlibdən sonra Əsəd tələb edəcək ki, Türkiyə Suriyanın digər bölgələrindən də çıxsın. Moskva və Tehran qanuni hökumətin dəvəti ilə gəlməyən bütün xarici qüvvələrin Suriyanı tərk etməli olduğunu dəfələrlə açıq şəkildə bildirdikləri üçün onlar da bu məsələdə Əsədə dəstək verəcəklər. Beləliklə, Prezident Ərdoğan ya bu üçlü ittifaqa müqavimət göstərmək, ya da Suriyanı tərk etmək dilemması ilə üzləşəcək. İki yolun da riskləri var: müqavimət variantının acı nəticələrini son günlər İdlibdə Türkiyə əsgərlərinin başına gələn fəlakətlər bizə göstərir, Suriyanı tərk etmək isə problemin yekun həlli mərhələsində masada Türkiyənin əlini zəiflədəcək. Ona görə də Ərdoğan son həftələr İdlibə əlavə hərbi qüvvə göndərməklə Putinə nümayiş etdirməyə çalışdı ki, “hər şeyi gözə almışam, mənimlə hesablaşmaqdan başqa yolun yoxdur.” Amma Putin də öz növbəsində nümayiş etdirdi ki, yeniyetməlik çağında Leninqrad küçələrində öyrəndiyi dərsi (“dava qaçılmazdırsa, ilk zərbəni sən vurmalısan”) unutmayıb”.

Mənbə: axar.az