Ankarada keçirilən anım tədbirində Xocalı soyqırımını törədənlərin cəzalandırılması tələb olunub

Ankarada keçirilən anım tədbirində Xocalı soyqırımını törədənlərin cəzalandırılması tələb olunub

Azərbaycanın Ankaradakı səfirliyi və Ankaranın Qızılcahamam rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində təşkil olunan tədbir Qızılcahamamdakı Xocalı Abidə-Muzey Kompleksinin qarşısında təşkil olunub.

Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda Xocalı soyqırımını törədənlər lənətlənib, cinayətkarların cəzalandırılması tələb olunub.

Sonra muzey qarşısındakı Xocalı soyqırımı abidəsi önünə tər çiçəklər düzülüb.

Tədbir iştirakçıları Xocalı muzeyini ziyarət edərək, erməni qəsbkarlarının Anadoluda və Azərbaycanda zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətini əks etdirən tarixi faktlarla tanış olublar.

Qeyd edək ki, fevralın 28-də Ankarada Türkiyə paytaxtının Qızılcahamam rayonu ilə Azərbaycanın Xocalı rayonu arasında Qardaşlaşma haqqında anlaşma sənədi imzalanıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az