“Əks-hücuma keçib başqa şeylər etməli idik” - erməni arxiyepiskop Azərbaycanı hədələdi

“Aprel müharibəsi hər kəsin yaddaşında təzədir. Əminik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həllini görür. Aprel müharibəsi üçüncü hadisə idi ki, bizi dayandırdılar. Biz əks-hücuma keçib başqa şeylər etməli idik, amma bizi çağırdılar və barışıq təklif etdiklərini dedilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri qondarma rejimin yeparxiyasının rəhbəri, arxiyepiskop Parqev ArmNews telekanalında yayımlanan Angela Tovmasyanın “Güzgü önündə” verilişində Dağlıq Qarabağ ermənilərinin müharibə və barışla müşayiət olunan həyat tərzindən danışarkən deyib.

Baş yepiskop atəşkəs rejimi tətbiq olunacağını eşidəndə çox qəzəbləndiyini bildirib: “Biz irəliyə getməliydik, amma üçüncü dəfə Azərbaycan atəşkəslə bizi dayandırdı”.

“Qarabağ münaqişəsinin dinc yolla həll olunacağına inananlar aldanırmı?” sualına arxiyepiskop Pargev belə cavab verib: “Gec-tez sülh gəlməlidir. Sülhə nail olmaq üçün hamı ortaq bir razılığa gəlməlidir, amma bu gün Azərbaycanla barışıq haqqında danışa bilmərik, çünki onların böyük iştahı var, Syunik (Zəngəzur) və İrəvanın tutulmasını da söyləyirlər”.

Parqevin fikrincə, döyüşməkdənsə, sülh barədə danışmaq daha yaxşıdır.

Sonda Baş yepiskop həbsdə olan Robert Köçəryan haqda da söz açıb: “O, milli işlərə və dövlətçilik məsələlərinə çox böyük töhfə verdi və indi geriyə baxaraq düşünür: “Mən çox şey etdim, amma bu gün bu vəziyyətdəyəm”.

“Robert Köçəryana səbr diləyirəm. Düşünürəm ki, bir gün hər şey düzələcək və milli səviyyədə birləşəcəyik”. O, fikrini belə tamamlayıb.

Haşiyə: İlk öncə ondan başlayaq ki, “Azərbaycan atəşkəslə bizi 3-cü dəfə dayandırdı” fikri son vaxtlar Parqevlə yanaşı digər politoloqlar tərəfindən də səslənib. Görünür, bu ifadə İrəvanın gizli odalarında müzakirə edilib və tez-tez işlədilərək dünya ictimaiyyətini, xüsusilə də erməni xalqını çaşdırmağa xidmət edir.

Ermənilər yəqin unudurlar ki, ilk atəşkəsin imzalanması təklifi ilə 1994-cü il mayın 4-də Azərbaycan deyil, Ermənistanın yalvarışı ilə Kreml çıxış edib və mayın 8-də Qırğızıstanın paytaxtı Bişkekdə sənəd imzalanıb.

Qeyd edək ki, 1993-cü ilin dekabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları keçirməyə nail olub. Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad edib. Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan Ordusunun əsas ehtiyat qüvvələri məhv edilib. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verilib.

1-ci Qarabağ savaşının ən ciddi dönüş nöqtəsi 2016-cı ilin aprel döyüşləri sayılır. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşadıb.

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib.

Aprel döyüşləri zamanı 2000-dən artıq erməni Qarabağı tərk edərək Ermənistana köçüb.

Sadəcə tərəflər arasında imzalanan 2 atəşkəsin detallarını bir daha yada saldıq. Qorxularından Ermənistana qaçan, Moskvaya zəng edən haylar görəsən, hansı əks-hücumdan danışırlar? Elə aprel döyüşləri haqda rus jurnalistlərinin Qarabağda hazırladıqları reportajlara yenidən baxsalar, qaçdıqları anları yada sala bilərlər.

O ki, qaldı, Azərbaycanın Zəngəzuru və İrəvanı geri almağına. O yerlərindən də tarixən Azərbaycan torpaqları olduğunu öz arxivlərinə və Nikolay dövründə Moskva və Peterburqda saxlanılan rus sənədlərinə göz gəzdirməkləri kifayət edər.

Bütün bu dediklərim haqda tutarlı cavabı isə Prezident İlham Əliyev Almaniyanın Münxen şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla debatında verib.

Təkcə Qarabağda deyil, bütün Ermənistan ərazisində yer adlarının Türk dilində olması o torpaqların Azərbaycana aid olmasından xəbər verir. İstənilən millət danışdığı dili və gəzdiyi el-obanın adı ilə tanınır…

İndiki Ermənistanda türk mənşəli toponimlər 19-cu əsrin əvvəllərindən 1918-ci ilədək və 1918-1920, 1920-1930, 1930-1960, 1960-1980-cı illərdə, 1991-ci ildən sonra dəyişdirilib. Hələ bura Dağlıq Qarabağımızın və oradakı yerlərimizin adlarını əlavə etmirik…

… Həbsdə olan və Putinin dostu hesab edilən Robert Köçəryan isə torpaqlarımızın işğalında əsas oyunçu olub. İndi o, uduzan tərəfdir. Komandasının qapısına qolu “İrəvan klanı”nın pası ilə PAŞ(inyan) vurub.

Elə buna görə də onu Moskvaya rəsmi səfərə çağırmırlar…

Babək Göyüş

KONKRET.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə yeni növ koronavirus infeksiyasından ölənlərin sayı 59 nəfərə çatıb

SONRAKI XƏBƏR

İraqda 2 türk hərbçisi şəhid olub