Koronavirus, informasiya və dövlət-xalq həmrəyliyi - TƏHLİL

Koronavirus, informasiya və dövlət-xalq həmrəyliyi - TƏHLİL

Koronavirus pandemiyası bütün dünyanı təlatümdə saxlayır.
Əksər ölkələr arasında sərhədlər bağlanıb, gediş-gəliş dayandırılıb. Bir zaman sərhədsiz yaşadığmız, bir təyyarə biletinə, uzağı dəftər vərəqi boyda viza deyilən kağızın hesabına ələk-vələk etdiyimz ölkələr az qala tikanlı məftillərlə özlərini izolyasiya edir. Beləliklə də qlobal dediyimiz dünya indi ancaq kompüter ekranından görünür. Dünya, Yer kürəsi adlanan bu geniş məkan indi çox kiçik virtual aləmdədir.
Əhalisini, vətəndaşını, xalqını qorumaq üçün hər bir dövlət mümkün tədbirlərdən istifadə edir. Fövqalədə vəziyyət, karantin rejimi, komendant saatı, küçələrə çıxmaq qadağası və s. kimi izoyasiya tədbirləri insanların artıq adi məişət həyatıdır. Pandemiyanın yayılma sürəti (sürətinə görə sanki internetlə belə rəqabət aparmaq gücündədir), əhatə etdiyi areal, coğrafiya Azərbaycanda da müvafiq tədbirlərin görülməsini diktə edir. Ona görə də insanlarımızı qorumaq üçün kiməsə sərt görünən qaydaların qəbul olunması vəziyyətin hələlik tam nəzarətdə saxlanılmasına imkan verir.
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa nəzarəti ilə həyata keçirilən tədbirlər koronavirusun ölkə ərazisində geniş yayılmasını önləmək, xəstələrə yüksək səviyyətli tibbi xidmətin təşkili, hadisələrin gözlənilməz inkişafına hazırlıq, xaricdəki Azəbaycan vətəndaşlarının təhlükəsiz şəraitdə ölkəyə qaytarılması və karantinə götürülməsi ölkəmizin bu mücadilədən daha az itki ilə çıxacağına əminlik yaradır. Təbii ki, belə bir zamanda, insanların təşviş, narahatlıq içində olduğu dövrdə informasiyanın önəmi bir daha təsdiqlənir. İndi hər şey informasiyanın birinci mənbədən, gecikmədən verilməsindən, rəsmi xəbərlərə etimad mühitinin yaradılmasından asılıdır.
Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah üzərinə düşən bu vəzifənin öhdəsindən maksimum gəlməyə çalışır və gəlir. Belə bir zamanda insanları rahatladan, təşvişi, narahatlığı azaldan, gələcəyə ümid yaradan bir məqam xüsusilə diqqətəlayiqdir. Bu da dövlət rəhbərliyinin xalqla təması, məsələylə bağlı mütəmadi müraciətlər etməsi və tövsiyələr verməsidir ki, bunun təsiri profilaktik təbirlərlə bir arada olduqca yüksəkdir.
Prezident İlham Əliyevin dünən AzTV-yə müsahibəsi ölkədəki vəziyyət, mübarizə tədbirləri ilə bağlı xalqın informasiyanı birbaşa birinci mənbədən alması baxımından olduqca əhəmiyyətli idi. Prezidentin çıxışından aydın oldu ki, ölkədəki qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu günə qədər vəziyyəti nəzarətdə saxlamaq mümkün olub:
“Halbuki dünyada gedən proseslər hər birimizə bəllidir və hətta inkişaf etmiş ölkələrin böyük şəhərlərində bu pandemiya çox faciəvi nəticələrə gətirib çıxarıb. Bizim tərəfdən qəbul edilmiş çox konkret qərarlar və yol xəritəsi hesab edirəm ki, bu gün vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Biz bəribaşdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq. Bildiyiniz kimi, dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu qərargah 24 saat fəaliyyət göstərir və bütün görülmüş tədbirlər haqqında vətəndaşlara mənim göstərişimlə müntəzəm olaraq məlumatlar verilir”.
Müsahibənin bu hissəsindən göründüyü kimi, dövlət başçısı belə bir zamanda informasiyanın əhəmiyyətini yüksək dəyərləndirərək ictimaiyyəti vaxtaşırı məlumatlandırmaqla bağlı tapşırıq verib. Çünki informasiyasızlıq səhv düşüncələrə yol açar, təşviş və narahatlığı artırar, son nəticədə yanlış hərəkətlərə səbəb olar. Bunu önləmək üçün həm ölkədəki vəziyyət, həm xəstələrin sayı və durumu, həm də hökumətin gördüyü tədbirlərlə bağlı zamanında məlumatlandırmanın önəmi göz önündədir.
Bu məqam Prezidentin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna inanələrlə bağlı da gündəmə gəlir. Prezident və Birinci vitse-Prezidentin bir illik maaşını

Fonda inanə etməsi nəcib təşəbbüs kimi həm sahibkarlıq subyektləri, həm də ictimaiyyət nümayəndələri tərəfindən davam etdirilir. Ayrı-ayrı dövlət qurumları, sahibkarlıq subjektləri, adi insanlar bacardıqları qədər Fondun hesabına ianə köçürürlər. Media orqanları da bu sırada özünəməxsus yer tutur. Hər kəs kisəsinə uyğun, bacardığı qədər ianə köçürür.
"Cümhuriyət" qəzeti və Cebhe.info Xəbər Portalı olaraq, Prezidentin ianə təşəbbüsünə ilk dəstək verdik və gücümüz yetən yardımda bulunduq. Necə deyərlər, "varını verən utanmaz". Bizim də gücümüz nəyə yetdisə, onu etdik. Daha sonra digər media quruluşları bu təşəbbüsün davamlı olmasını təmin etdilər. Bu da bir daha göstərir ki, Azərbaycanda ümummilli məsələlərdə vəhdət, həmrəylik var və yeniləşmə yolunda mühüm addımlar atılır. Bu həmrəylik dövlətimiz üçün vacibdir və elə buna görə də Prezidentin öz müsahibəsində qeyd etdiyi kimi, məhz onun göstərişi ilə “koronavirusinfo.az” saytında bütün vətəndaşların və şirkətlərin adları, onların ianələrinin məbləği göstərilir. Bu, xalqın koronavirusla mübarizədə kimin iştirakçı olması, necə həmrəylik göstərməsiylə bağlı məlumatlandırılması baxımından olduqca vacibdir.
İnsanları düşündürən ən vacib məqamlardan biri də biznesini və ya iş yerini itirən, yaxud müvəqqəti ara verməyə məcbur qalanlara dövlət dəstəyinin olub-olmayacağı idi. Ölkə başçısının müsahibəsində dövlətin bu şəxslərə yardım edəcəyini bəyan etməsi həm də dövlətin vətəndaşına, sahibkarına sahib çıxması demək idi. Post-koronavirus dövrü üçün dövlətin öz vətəndaşının yanında olacağı anonsunu birinci mənbədən - Prezidentdən eşidən azərbaycanlılar üçün bu, həm də gələcəyə ümid idi:
“Əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək. Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir”.
Göründüyü kimi, bütün dünyanı cənginə alan, ciddi insan və iqtisadi itkiyə yol açan koronavirusla mübarizədən maksimum az itkiylə çıxmaq dövlət-xalq həmrəyliyindən keçir.
Cebhe.info Analitik Qrup

Mənbə: www.dia.az