“Özümü qoruyuram ki, yaşayım, yaşamaq gözəldir...” - deputat

“Özümü qoruyuram ki, yaşayım, yaşamaq gözəldir...” - deputat

Milli Məclisin deputatı, parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov Musavat.com-un suallarını cavablandırıb. Gündəmin əsas məsələlərindən bəhs edən müzahibəni təqdim edirik:

- Eldar müəllim, martın 30-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Sizdə məlumat necədir, iclasın keçirilməsi hansı zərurətdən yarandı?

- Bizim uşaqlar bu barədə dedilər. Ancaq hələlik parlamentdən mənə zəng olmayıb. Ona görə də konkret məlumatım yoxdur.

- Yaşı 65-dən yuxarı olan vətəndaşların evdən bayıra çıxması yasaqdır. Bu qadağa deputatlara da aiddirmi?

- Onu da bilmirəm. Bu məsələ ilə bağlı da konkret bir söz deməyiblər. İclas olacaqsa, yaşı 65-dən yuxarı olan xeyli deputat var, onlar gəlməsə, onda kvorum olacaq, olmayacaqmı, bu barədə bir söz deyə bilmərəm.

- Bəs, özünüzün koronavirus təhlükəsi ilə bağlı çağırışlara, qadağalara münasibətiniz necədir?

- Bu çağırışlara mənim münasibətim çox yaxşıdır. Hər bir azərbaycanlı özünü qorumalıdır. Mən də özümü qoruyuram, evdə otururam. Yaxud təmiz havaya çıxıb həyətimdə otururam. Qərar qəbul olunub, əməl etmək lazımdır. Qadağalara əməl etməklə həm də digərlərini qoruyuram. Ona görə də mən tərəfdarıyam, alqışlayıram. Çox düzgün qərarlardır. Hamımız əməl etməliyik, başqa yol yoxdur. Televiziyada gün ərzində “Evdə qal” təbliğatı aparılır, demək, bu, lazımdır, məsləhətdir. Burada saymazlıq yolverilməzdir! Bu məsələdə ancaq məsuliyyətli yanaşma tələb olunur!

- Bəzi həmvətənlərimizin məsələyə “hər şey Allahın əlindədir” yanaşması var və belə görünür ki, onları küçələrdən yığışdırmaq elə də asan olmayacaq. Hər halda İtaliyada faciənin miqyasının geniş olmasının əsas səbəbi kimi laqeydlik önə çəkilir...

- Bəli, tamamilə doğrudur. Şükürlər olsun ki, bizdə möhtərəm prezidentimizin tapşırığı, onun məsələyə diqqəti sayəsində ciddi şəkildə profilaktik tədbirlər həyata keçirilir. Məlumata görə, bizim ölkədə iki nəfər rəhmətə gedib, sağalanlar var. Amma İtaliyada siz deyən kimi, laqeyidlik oldu, itkilərinə görə Çini də qabaqladı. Ona görə də bu məsələdə laqeyidlik olmaz. Hər bir məsələyə məsuliyyətlə yanaşmaq lazımdır. Əgər dünyanın 187 ölkəsində koronavirus varsa, deməli, məsələ çox ciddidir. Buna elə-belə baxmaq olmaz ki, əşi, nə olacaq? Olanda olur da, bu xəstəlik xəbər etmir ki. Bu, elə bir düşməndir, nə yalvara bilirsən ki, “mənə dəymə”, nə adama yazığı gəlir. Ona görə də insanın əlacı ancaq özünü qorumağa qalıb. Hər bir azərbaycanlının özünü qoruması cəmiyyəti qoruması deməkdir.

- Qadağalara məhəl qoymayanlarla bağlı daha sərt davranılmalı olduğunu deyənlər də var. Siz bu kimi fikirlərə necə yanaşırsınız?

- Qaydalara laqeyd qalanlara mənim sözüm budur ki, Allah onlara ağıl versin və biganəliyə son qoysunlar! Elə etmək lazımdır ki, İtaliyanın gününə düşməyək. Hər bir adamın taleyi öz əlindədir. Heç kəs də bundan sığortalanmayıb. Heç kəs deyə bilməz ki, mən koronavirusa tutulmayacağam.

- Siz 1945-ci il təvəllüdlüsünüz və martın 12-də 75 yaşınız tamam oldu. Gec də olsa, təbrik edirik. Bu yaşda özünüzü necə hiss edirsiniz?

- Çox təşəkkür edirəm. Səmimi deyirəm, heç bir narahatlıq hiss eləmirəm. 75 yaşımda özünü 65 yox e, lap 55 yaşında hiss edən oğlan kimiyəm (gülür). Sağlamlığım yerində, gözüm görür, ayağım işləyir, başım işləyir, heç bir xəstəliyim yox. Amma indidən deyirəm ki, təki sağlıq olsun, mən 5 ildən sonra, yəni 80 yaşımda deputatlığa namizədliyimi verməyəcəyəm... Ümumiyyətlə, mən sağlam adam olmuşam, heç vaxt ağır əməliyyat keçirməmişəm, xəstə olub uzun vaxt xəstəxanada yatmamışam. Özümü həmişə qorumuşam. İndi də özümü qoruyuram ki, yaşayım. Yaşamaq hər bir insan üçün gözəldir.

- Sizdə sağlamlığın, gümrahlığın resepti varmı?

- Sağlamlığın ən böyük sirri elə bu gün koronavirusla əlaqədar tələb olunan məsələlərdir. Təmiz olmaq, gigiyenik qaydalara əməl etmək, sağlam qidalar qəbul etmək, özünü qorumaq, havada olmaq, gəzmək. Yəni pis əməllərdən özünü qorumaq. Birinə deyirlər ki, sən necə yaxşı adam oldun? Deyir, pis əməllərə sahib adamlara baxdım, onların etdiyinin əksini elədim, oldum yaxşı adam. İndi gərək o pis əməllərə baxasan, onları etməyəsən ki, sağlam olasan.

- Keçmiş həmkarınız Arif Rəhimzadə deyirdi ki, dayanmadan bir neçə saat üzürəm. Sizdə də idmana maraq varmı?

- Məndə idmana meyl var, əsasən gəzirəm. Orta məktəbdə oxuyanda, gəncliyimdə dayanmadan bir neçə kilometr qaçırdım. Futbola, valeybola böyük marağım olub. Özüm də voleybol oynamışam. İndi də həmin oyunları televizordan izləməyi xoşlayıram. Xüsusilə də futboldan çox, voleybol pərəstişkarıyam. Vaxtımı səmərəli keçirirəm ki, qanqaraldıcı məsələlərdən uzaq olum. Yaxşı filmlər olur, onlara baxıram. Belə də, çalışıram ki, başımı qatım.

- Budəfəki tərkibdə komissiya sədri seçildiniz...

- Bəli, mən İntizam komissiyasının sədriyəm.

- Keçmiş spiker Oqtay Əsədovun sədrlikdən uzaqlaşdırılması sizinçün gözlənilməz olmadı ki?

- Kimsə əbədi vəzifə tutmur ki. Elə Oqtay müəllim özü də bu barədə fikrini demişdi. Yəni bu qərar anlaqlı qəbul olunur. Heç insan ömrü əbədi deyil, o ki qaldı vəzifə. Bu, təbii haldır. Hər bir vəzifəyə təyin olunan bir gün də vəzifədən gedir. Mən bir qəbahət görmürəm.

- Yeni sədarətə münasibətə münasibətiniz necədir?

- Çox yüksək. Sahibə xanım çox savadlı, qabiliyyətli həmkarımızdır. İki çağırış bizdə deputat olub, Avropa Şurasında komitə sədri olub. Sahibə xanım öz savadı, ağırlığı ilə xanımlarımızın içində seçilir. Elə ilk gündən də göründü ki, iclasları çox yaxşı, yüksək səviyyədə idarə edir.

- Siz 30 ildir parlamentdə təmsil olunursunuz.

- Əslində qabaqkıları da götürsən, daha çoxdur, amma 6 çağırış üçün 30 il olacaq.

- Bu müddətdə siz ikinci dəfədir ki, xanım spikerin rəhbərliyi altında deputatsınız, Elmira Qafarovanın və Sahibə Qafarovanın. Bu, necə hissdir?

- Mən heç o vaxt Elmira Qafarovanı sədr kimi o qədər də tanımırdım. Yəni ki, biz Ali Sovetin deputatları idik, təcrid olunmuşduq. Heç iclaslarda olmurduq, bu mənada mən heç onu sədr kimi görə bilmədim. Amma Sahibə xanım Qafarova Milli Məclisin sədri kimi yüksək qiymətləndirilir. Özü də indi peşəkar parlamentdir. Mən də 1995-ci ildən komitə sədri kimi işləyirəm və Sahibə xanım haqqında sözümü deyirəm.

- Yəni xanımın rəhbərliyi altında işləmək narahatlıq yaratmır?

- Qətiyyən. O xanımın ki, savadı, işgüzarlığı, insanlarla işləmək qabiliyyəti var, onunla işləmək çox xoşdur. Əksinə, daha da yaxşıdır.

- Rəşad Məcid maraqlı bir təşəbbüslə çıxış edib ki, darıxmasınlar deyə, hər kəs yaşı 65-dən yuxarı olan tanıdığı insanlara zəng etsin. Sizə zəng edən olubmu?

- Yox, zəng olmayıb, ancaq niyə darıxıram ki? Əgər istəyiriksə ki, sağlam qalaq, qoyulan qaydalara əməl etməliyik. Özü də bu, həmişəlik deyil ki, müvəqqəti haldır. Mən də həmişə işdə olan, işləyən adam olmuşam. Düzdür, indi evdə qalmaq çətindir. Bəzən olur ki, zərurətdən işə getməli oluram. Məsələn, vacib məsələ ilə əlaqədar çağırmışdılar, bir saatlıq işə gəlmişdim, bir azdan qayıdacağam evə. Küçəyə, adam içərisinə çıxmıram. Bilirəm ki, bu, müvəqqəti qadağalardır, əməl etmək lazımdır.

- Bəs, salamlaşma məsələsini necə edirsiniz?

- Mən türk qaydasında salamlaşıram, əlimi ürəyimin üstünə qoyub salam verirəm, salam alıram.

- Nəvələrinizlə də?

- Nəvələrə də qadağan eləmişəm, demişəm ki, gəlməyin, gəlsəniz, sizi öpməyəcəyəm (Gülür). Evdəkilərə də tapşırmışam ki, heç kəs nəvələrimi öpməsin.

- Məlumat var ki, Azərbaycanın digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına giriş-çıxış qadağan olunub. Sizin bu məsələyə münasibətiniz necədir?

- Giriş-çıxış qadağan olunmayıb. Sadəcə olaraq Operativ Qərargah belə bir qərar qəbul edib. Bu gün artıq rayonlara getməyi də dayandırıblar. Qabaqlar rayonlara gedirdin, qayıdanda yoxlayırdılar ki, Bakı qeydiyyatındasan, ya yox. Bunlar profilaktika üçündür. Məqsəd bundan ibarətdir ki, insanlarımızı qoruyaq. Əgər belə qərar varsa, mən onu alqışlayıram.

- Eldar müəllim, siz 4 saylı Naxçıvan şəhər seçki dairəsndən deputat seçilmisiniz. Zərurət yaranarsa, Naxçıvana necə gedəcəksiniz?

- Zərurət yarananda baxacağıq. Hələ ona çox var. Təki zərurət yaranmasın.

- Bəs seçicilərin problemlərini hansı qaydada dinləyib, həll edirsiniz, onlayn qaydada?

- Hələ qoy koronavirus qurtarsın, sonra seçicilərlə bu barədə görüşüb-danışacağıq. Bu haqda danışmaq hələ tezdir.

Mənbə: www.dia.az