“Orduda məhdudlaşdırıcı qərarların qəbulu və icrası daha rahatdır” – Tərlan Eyvazov

“Orduda məhdudlaşdırıcı qərarların qəbulu və icrası daha rahatdır” – Tərlan Eyvazov

“Silahlı Qüvvələrin tibb xidmətləri tam gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə tətbiq olunmuş karantin rejimi şəraitində Silahlı Qüvvələrin fəaliyyətini şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycanda koronavirusa qarşı mübarizənin effektivliyi sayəsində ölkədə bu virusa yoluxma halları minimum səviyyədədir:

“Çoxlarının bəyənmədiyi Azərbaycan hakimiyyətinin koronavirusun yayılması əleyhinə həyata keçirdiyi tədbirlər öz müsbət nəticəsini verməkdədir. Bu istiqamətdə atılan ardıcıl addımlar və sərt nəzarət sayəsində virus təhlükəsi xeyli lokallaşdırılıb.

Biz Azərbaycan hakimiyyətinin analoji fəaliyyətini on il əvvəl Kür daşqınları zamanı da müşahidə etmişdik. O vaxt daşqından əziyyət çəkən əhalinin köçürülməsi və təbii fəlakətin nəticələrinin aradan qaldırılması zamanı görülən təcili tədbirlər indi də xatırlanır.

Mövcud şəraitdə Silahlı Qüvvələrdəki vəziyyətə gəldikdə, ilk növbədə nəzərə almalıyıq ki, Ordu spesifik strukturdur. Orada məhdudlaşdırıcı tədbirlərin tətbiqi və icrası daha rahat həyata keçirilir. Konkret desək, Orduda əmr müzakirə olunmur.

Belə bir şəraitdə Ordu müharibə vəziyyətində tələb olunan rejimə keçir. O baxımdan, valideynlərin əsgərlərlə görüşünün dayandırılması və hərbçilərin məzuniyyətə buraxılmaması haqda qərar vaxtında atılmış addımdır. Silahlı Qüvvələrin tibb xidmətləri də tam gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər. Əldə etdiyim məlumata görə, orduda koronavirusa yoluxma halı qeydə alınmayıb”.

Tərlan Eyvazov mövcud vəziyyətdə Orduya aprel çağırışının necə həyata keçiriləcəyinə də aydınlıq gətirib:

“Müəyyən çətinliklərimiz olsa da, bunun öhdəsindən gələcəyimizə inanıram. Ehtimal edilir ki, çağırışın müddəti uzadılsın. Bildiyiniz kimi, Nazirlər Kabineti və Müdafiə Nazirliyi çağırış müddətində heç bir problem olmayacağını bəyan edib. Çağırışçıların və Ordudan tərxis olunanların dəqiq müayinəsi təşkil olunarsa, o zaman heç bir problem yaranmaz”.

Səxavət Məmməd

www.yenicag.az

Mənbə: yenicag.az