"İlham Əliyev pafoslu nitqlərə deyil, real iş görülməsinə böyük önəm verir"

Prezident İlham Əliyevin Hövsan yaşayış kompleksinin açılışında iştirak edərkən AzTV-yə verdiyi müsahibəni diqqətlə izlədik. Dövlət başçısı müsahibəsində bir çox önəmli məqamlara toxundu. Həmçinin koronavirusla bağlı ölkədəki vəziyyət haqqında da danışdı. Onun vətəndaşlarımızı milli birliyə, həmrəyliyə çağırış etməsi və bu problemdən yalnız milli birlik sayəsində xilas olmağın mümkünlüyünü vurğulaması xüsusilə təqdirə layiqdir.

Dövlətin koronavirusa qarşı mübarizədə əlindən gələni etdiyini qeyd edən dövlət başçısı bu faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardan da çox şey asılı olduğunu vurğuladı:"Mən vətəndaşları bir daha məsuliyyətə çağırıram ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcəkdir".

Mən Prezidentin çıxışında toxunduğu xalq-iqtidar birliyi məsələsinin üzərində xüsusilə dayanmaq istəyərdim. Belə ki, Prezident qeyd etdi ki, dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Ancaq, eyni zamanda, hər bir vətəndaş bilməlidir və Avropanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq:"Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq. Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Milli həmrəylik, məsuliyyət, milli birlik bu xəstəliyə qalib gəlməyə imkan verəcək. Biz birlikdə güclüyük”. Prezidentin bu fikirləri onu göstərir ki, o, qlobal təhlükələrə qarşı mübarizədə xalqla iqtidarın birliyinin nə qədər böyük əhəmiyyətə malik olduğunu çox düzgün dəyərləndirir. Prezident hamımızı milli birliyə, həmrəyliyə çağırdı. Biz də bu çağırışa qoşuluruq və Prezidentin "Biz birlikdə güclüyük” şüarını dəstəkləyirik.

Eyni zamanda da istər Prezidentin özü, istərsə də Birinci vitse-prezident bu çağırışları sadəcə sözdə səsləndirməklə qalmır, onlar həm də bu istiqamətdə real, əməlli addımlar atmaqla da hər kəsə müsbət nümunə göstərirlər. Belə ki, koronavirusla qarşı mübarizə üçün dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanin 1 illik əməkhaqqlarını Koronavirusla Mübarizə Fonduna ianə etmələri, həmçinin büdcədən 1 milyard manatın ayrılması yuxarıda qeyd etdiyimiz fikirlərin əyani təsdiqidir.

Mən burada bir məqamı da xüsusi qeyd etmək istərdim ki, dövlət başçısının pandemiyaya qarşı mübarizəni şəxsən özünün daim diqqət mərkəzində saxlaması və bu istiqamətdə görülən işlərlə bağlı tez-tez çıxış etməsi, vətəndaşlarımıza faydalı tövsiyələr verməsi cəmiyyət üçün çox önəmlidir və Prezidentin bu addımları cəmiyyət tərəfindən də müsbət qarşılanır. Sözün açığı, bu gün dünyanın əksər ölkələrinin dövlət başçıları, baş nazirləri koronavirusla əlaqədar brifinqlər keçirir, televiziya və ya sosial şəbəkələr üzərindən vətəndaşlara müraciətlər edirlər. Lakin bu çıxışların, müraciətlərin əksəriyyəti sadəcə görüntü xarakteri daşıyır. Hətta özünü piar etmək məqsədini güdən dövlət və hökumət başçılarına da rast gəlirik. Lakin Azərbaycan prezidentinin son həftələrdə koronavirus pandemiyasına qarşı mübarizəsində atdığı ardıcıl addımlar, verdiyi tapşırıqlar, görülən sistematik işlər isə bir daha onu göstərir ki, İlham Əliyev pafoslu nitqlərə deyil, real iş görülməsinə böyük önəm verir və vətəndaşının yanında olmağa çalışır, Azərbaycanın bu qlobal bəladan mümkün qədər az itkilərlə qurtulması üçün çarələr, yollar axtarır. Prezidentin bu mövqeyi və bu davranışı həqiqətən də alqışlanmalıdır.

Əlisahib Hüseynov -

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

"Qızımın artıq 20 yaşı var, ona qarışa bilmirəm" - FOTOLAR

SONRAKI XƏBƏR

"ABŞ kimi ölkənin FED rəhbəri də belə ümidsiz danışırsa, deməli..."