Dünyanın super dövlətləri virusu ümumi düşmən elan etdilər -Təhlil

Dünyanın super dövlətləri virusu ümumi düşmən elan etdilər -Təhlil

G20-lərin (“böyük iyirmilər”) toplantısı tarixdə ilk dəfə olaraq onlayn rejimdə keçirildi...

Onlayn rejimdə keçirilən sammitə şərti olaraq Səudiyyə Ərəbistanı başçılıq edirdi. Çünki, sammit əvvəlcədən planlaşdırıldığı kimi canlı keçirilsəydi, dövlət başçıları Səudiyyə Ərəbistanında toplanmalı idilər. Bəlkə də belə yaxşıdır, ümumiyyətlə gələcəkdə də sammitlərin virtual keçirilməsi ənənəyə çevrilə bilər. Liderlər səfərlərə və görüşlərə günlərini sərf etməkdənsə bunların hamısını yerlərindən qalxmadan həyata keçirə bilərlər. Sammitdən kənar ikitərəfli görüşləri də onlayn keçirmək olar. Məsələni sammit başlamadan öncə Rusiya və Fransa prezidentləri onlayn rejimdə fikir mübadiləsi aparıblar.

Sammitin əsas mövzusu gözlənildiyi kimi koronavirus olub. Başqa mövzular zatən yoxdur. Koronavirus bütün mövzuları gündəmdən çıxardıb. Böyük dövlətlər nə müharibələri, nə də neftin qiymətlərinin enməsini müzakirə edirlər. Buna ehtiyac da yoxdur. Koronavirus olan yerdə müharibələr, enerji qiymətləri mövzuları arxa plana keçib. Halbuki, hələ bir neçə gün əvvəl beynəlxalq aləmin mövzuları bunlar idi: Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft qiymətləri ilə bağlı mübarizəsi, Liviya və Suriyada davam edən müharibələr, Amerikanın yeni Yaxın Şərq planı və buna Fələstinin və digər müsəlman ölkələrinin etirazı və s. Koronavirus var olduğu müddətdə bu mövzuların müzakirəsi aktual deyil. Çünki bu mövzularda adı keçən dövlətlərin özləri də insanlarını itirməmək üçün koronavirusla mübakirə aparırlar.

Müharibədə vuruşan tərəflər özlərini qarşı tərəfin raket və top atəşindən qorumaq əvəzinə gözügörünməz düşməndən – koronavirusdan qorumağa çalışırlar. Bu virus sərhəd və tərəf tanımır, hamını hədəf götürür. Ona görə də ən azı mart ayı ərzində dünyanın müxtəlif ölkələrindəki toqquşmalar özlüyündən ya dayanıb, ya da şiddəti azalıb.

Böyük dövlətlər onlayn sammitdə qərara gəliblər ki, koronavirusla mübarizədə fəaliyyətlərini birləşdirsinlər. Həqiqətən hər dövlətin elmi mütəxəssislərinin virusa qarşı birgə çalışmalarının aktuallğı artıb. Virusa qarşı dərmanın formalaşacaq beynəlxalq komanda tərəfindən icadı hamı üçün faydalı olar. Digər tərəfdən, onlayn sammitdə qərara alınıb ki, qlobal iqtisadi böhrandan qurtulmaq üçün dünya iqtisadiyyatına 5 trilyon dollar yatırım qoyulmalıdır. Böyük dövlətlər tibbi ləvazimatların istehsalına diqqəti artıracaqlar. Bu məqsədlə böyük dövlətlərin səhiyyə nazirləri aprel ayında bir araya gələcəklər.

Böyük dövlətlər qərarlarını verdilər. Bəşəriyyət böyük təhlükə qarşısındadır. Ona görə də keçmişdəki toplantılarda verilən qərarlardan fərqli olaraq bu dəfəki qərarların icrası vacibdir. Hazırda böyük dövlətlər qarşısında iki böyük vəzifə dayanır. Birinci vəzifə virusa qarşı mübarizə tədbirlərini əlaqələndirmək və gücləndirmək, ikinci vəzifə isə ağır yara alan dünya iqtisadiyyatını əvvəlki axarına qaytarmaq olmalıdır. Odur ki, virusla mübarizədən kənar mövzularda didişməyə və fikir ayrılıqlarını dərinləşdirməyə zaman yoxdur.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az

Mənbə: pia.az