Rusiyanın İtaliyaya göndərdiyi “kömək” heç bir işə yaramır - İtalyan mediası

Rusiyanın İtaliyaya göndərdiyi “kömək” heç bir işə yaramır - İtalyan mediası

Rusiyanın İtaliyaya “COVİD-19” virusu ilə mübarizə aparılması məqsədilə göndərdiyi yardımlarıın 80%-i “tamamilə faydasız və xeyirsiz”dir.

KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İtaliyanın “La Stampa” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, bununla bağlı Rusiya prezidenti Vladimr Putinlə İtaliya baş naziri Cüzeppe Konte arasında hələ mart ayının 21-də telefon danışığında razılıq əldə olunmuşdu.

Rusiya həmin razılaşma əsasında İtaliyaya 15 ədəd “İl-76” təyyarəsi vasitəsilə epidemiya ilə mübarizə üçün müxtəlif avadanlıq kompleksləri, dezinfeksiya məmulatları göndərib.

Bundan başqa təyyarələrdə hərbi həkimlər, virusoloq və epidemioloqlardan ibarət nümayəndə heyəti gəlib. Rusiyanın yardım konvoyuna Müdafiə nazirliyinin Radiasiya, kimyəvi və bioloji müdafiə üzrə qoşunlarının rəis müavini general-mayor Sergey Kikot rəhbərlik edib.

Lakin İtaliya qəzetləri rusların bu köməyinin humanist məqsəd deyil daha çox piar xarakteri daşıdığını üzə çıxarıblar. Məlum olub ki gələn avadanlıqlara heç İtaliyanın ehtiyacı olmayıb. Əvəzində Kreml və onun təbliğat maşını bu xəbəri bol-bol “Russia Today” və “Sputnik” kimi kanalı və saytlarda tirajlayıblar.

Özü də Rusiya təyyarələri Şimali-Şərq Avropa dövlətlərinin yanından uçaraq əslində hava marşrutu barəsində heç bir razılıq almayıblar. Üstəlik İtaliyanın hər hansı bir hərbi bazasına daxil olmaq üçün ölkə paralmentinin müvafiq aktı tələb olunsa da, buna da riayət edilməyib.

Bundan başqa Qərb mətbuatı Rusiyanın öz imicini yüksəltmək və əslində koronavirusun onun üçün heç bir problem olmadığını göstərmək istədiyini qeyd edir.

Hər halda rusların bu piar aksiyası İtaliyada epidemiyanın episentrləri sayılan Lombardiya, Veneto və Liquriya bölgələrindəki sağ və sol radikalların xoşlarına gəlib.

Xüsusilə parlamentdə güclü fraksiyaya malik “Liqa” partiyası, habelə Lombardiya və Veneto vilayətlərinin hökumətləri rəsmi Moskvaya qarşı sanksiya rejiminin götürülməsini daha ucadan səsləndirməyə başlayıblar. İtaliyanın xarici işlər naziri, “5 ulduz” partiyasının liderlərindən Luici di Mayo ölkəni Kreml istiqamətinə çəkməyə hazır siyasətçi kimi görünür. Hətta baş nazir Cüzeppe Kontenin Demokrat parityası da Putin rejimi ilə münasibətlərin istiləşməsindən yana olub.

Rusiyanın təbliğat kanallarında Avropa Birliyinin guya İtaliyaya kömək etmədiyi barədə informasiyalara da yer verilir. Halbuki Rusiyadan fərqli olaraq məhz Birlik ölkələri Appenin yarımadasında tüğyan edən koronavirus epidemiyasında ilk və əhəmiyyətli yardım göstəriblər. Bunun üçün İttifaq büdcəsindən rəsmi Romaya milyardlarla avroluq vəsait ayrılıb.

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrel də bundan sonra İttifaqın öz fəaliyyətini daha düzgün şəkildə ictimaiyyətə çatdırıcaqlarını söyələyib.

Mənbə: konkret.az