General hərbi vəziyyət elan etməyə çağırır

General-mayor Qabil Məmmədov koronavirus infeksiyasının qarşısının alınması məqsədilə görülən tədbirləri sərtləşdirməyə və ölkədə hərbi vəziyyət elan etməyə çağırır.

Hokm.az-ın BAXAR.AZ-a istinadən məlumatına görə, general martın 27-si “Facebook” şəbəkəsində yazıb ki, infeksiyanın qarşısını almaq üçün hökumətin gördüyü tədbirlər lazımi effekt vermir, ölkədə koronavirus infeksiyası sürətlə yayılmaqda davam edir. Qabil Məmmədovun fikrincə, əslində buna görə ilk növbədə bir vətəndaş olaraq özümüz günahkarıq: “Çünkü bütün tövsiyə və qadağaları qulaqardına vururuq. Bu minvalla davam etsək, bizi fəlakət gözləyir. Belə olan təqdirdə hökumət daha radikal addımlar atmalıdır. Bir vətəndaş kimi hökumətə bunları təklif edərdim:

– ölkədə hərbi vəziyyət elan olunsun, hərbi idarəetmə orqanları yaradılsın;

– işinin öhdəsindən gələ bilməyən məmurlar dərhal tutduqları vəzifədən kənarlaşdırılsın;

– Milli Qvardiya və Daxili Qoşunların heyəti polislə bərabər patrul fəaliyyətini gücləndirsin;

– maddi cəhətdən təminatsız qalmış ailə və insanlar dövlət təminatına götürülsünlər;

– ərzaq məhsulları və həyati baxımdan digər strateji məhsulların bu günə olan ehtiyatı, istehsalı və paylanışı çox ciddi uçota götürülsün;

– metro bağlansın;

– fəaliyyət göstərən müəssisə və strukturlarda gigiyenik və sanitar-epidemioloji tədbirlər, nəzarət gücləndirilsin;

– tibbi karantin mərkəzləri ləğv edilsin və xəstəliyə yoluxmuş sakinlər müalicəni öz evlərində alsınlar;

– şəhər və rayonlar tibbi baxımdan inzibati sahələrə bölünsün və hər sahəyə cavabdeh olacaq tibbi qruplar öz nəzarətlərində olan xəstələrin müayinəsini, dərmanla təminatını həyata keçirsin. Əks halda xəstələrin sayının çoxalacağı təqdirdə onlar üçün nə yer, nə də tibbi heyət tapmaq olacaq. Olsa belə, həmin yerlərdə nəzarətsizlik və antisanitariya baş alıb gedəcək və nəticədə həmin yerlər epidemiya yayan ocaqlara çevriləcək;

– müalicə müəssisələrinə yalnız xaricdən gələnlər, tənha (baxımsız) insanlar yerləşdirilsin;

– hər bir rayon və sahədə vəfat etmiş insanları evdən aparıb dəfn etmək üçün qruplar yaradılsın. Bu işə polislər, Daxili Qoşunlar, Milli Qvardiya və Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti, din xadimləri aktiv cəlb edilsin;

– ordunun şəxsi heyəti arasında epidemiyanın yayılmasının qarşısını almaq üçün şəxsi heyət əsgərindən tutmuş generalınadək tam şəkildə kazarma vəziyyətinə keçirilsin.

Qabil Məmmədovun fikrincə, adamların müalicəsi evlərdə təşkil edilsə, hökumətin təminat və təchizatla, tibbi personalla bağlı işləri asanlaşar və nəticədə effektiv olar: “Əks təqdirdə bizlərdə xaos yarana bilər”.

General telekanallarda ev şəraitində təşkil olunacaq müalicənin aparılması qaydaları, hər bir ünvana cavabdeh olan tibbi qruplarla əlaqə haqqında verilişlərin yayımlanmasını, sahələr üzrə cavabdeh tibbi qrupların sutka boyu növbədə qalmasını və gündə bir dəfə lazımi dərman və digər ləvazimatları özləri ilə götürməklə xəstələrə baş çəkməsini, eyni zamanda xəstələrdən rüşvət istəyənlərin, ölkədə süni qıtlıq yaradanların və qiymətləri qaldıranların hərbi qanunlarla mühakimə olunmasını təklif edir: “Əhali həmrəylik və ayıq-sayıqlıq göstərməli, təyin olunacaq qaydalardan kənarlaşan vətəndaş və vəzifəli şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətinin təşkil edəcəyi çağrı mərkəzinə məlumat ötürməli, karantin rejiminin təminatına kömək göstərməlidir”.

Qabil Məmmədov vurğulayır ki, bu virus bizə ziyan vurduğu kimi bizi birləşdirə və həmrəy də edə bilər: “Bir millət kimi formalaşmağımızda, bir yumuruq kimi birləşməyimizdə əvəzsiz rol oynaya bilər. Hər şey özümüzdən asılıdır. Biz bu ağır dövrdə milli dəyər və ənənə yaratmalıyıq. Allahımız bizi sınağa çəkir. Güc birlikdədir”.

Hokm.az

ƏVVƏLKİ XƏBƏR

Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR

SONRAKI XƏBƏR

Rusiya İtaliyada koronavirusla mübarizə üçün laboratoriya qurur - VİDEO