Pentaqon İrana bağlı "Kətəibul-Hizbullah" qruplaşmasını tamamilə məhv etmək üçün plan hazırlayır

Pentaqon İrana bağlı "Kətəibul-Hizbullah" qruplaşmasını tamamilə məhv etmək üçün plan hazırlayır

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi- Pentaqon İraqda fəaliyyət göstərən İrana bağlı yaraqlı qruplaşma olan "Kətəibul-Hizbullah" tamamilə məhv etmək üçün layihə üzərində işləyir.

Bu barədə "New-York Times" rəsmilərə istinadən məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, martın 19-da bu xüsusda Ağ Evdə keçirilmiş toplantıda prezident Donald Tramp hərbi planın icrasına hələ ki, icazə verməyib. Lakin o, Pentaqona planı sona qədər işləyib hazırlamaqla bağlı göstəriş verib.

Qəzet qeyd edir ki, Amerika İraqda yerləşən hərbi qüvvələrinin komandanı Robert Rayt ötən həftə Vaşinqtona göndərdiyi məktubda planın icrası istiqamətində logistik maneələrin mövcud olduğunu bildirib. O, həmçinin planın İranla geniş miqyaslı döyüşə səbəb olacağına diqqət çəkərək, hərbi əməliyyatlara başlamaq üçün ABŞ-ın regiona daha çox canlı qüvvə göndərməsinə ehtiyac olduğunu deyib.

Qeyd etmək lazımdır ki, "Kətəibul-Hizbullah" 2003-cü ilin oktyabr ayından etibarən "Sepah" terror təşkilatının "Qüds Briqadası"nın dəstəyi ilə 2020-ci ilin yanvar ayının 2-dən 3-nə keçən gecə Qasım Süleymani ilə birgə öldürülən Əbu Mehdi Əl-Mühəndisin nəzarəti altında fəaliyyət göstərir. Qruplaşma Amerika Birləşmiş Ştatları, Yaponiya və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən terror təşkilatları siyahısına salınıb.

Ə.A

Mənbə: www.gunaz.tv