Plenar iclasda deputatlara maskadan istifadə üçün sərbəstlik verilib

Plenar iclasda deputatlara maskadan istifadə üçün sərbəstlik verilib

Hazırda koronavirus infeksiyasından qorunmaq üçün hər kəsdən şəxsi gigiyena qaydalarına riayət etmək tələb olunur.

Zərurət yarandığı halda evdən çölə çıxan insanlar isə virusdan qorunmaq üçün maska və əlçəkdən istifadə edir. Artıq yerüstü nəqliyyat vasitələrindən istifadə edən şəxslər maskalara üstünlük verir.

Bəzi yerlərə daxil olan insanların maskasız girişinə icazə verilmir.

Sabah isə Milli Məclis toplanacaq. Yaşı 65-dən yuxarı olan deputatlar plenar iclasa qatılmayacaq.

 

Milli Məclis rəhbərliyi 65 yaşdan yuxarı olan deputatlara Nazirlər Kabineti yanında Opetrativ Qərargahın qoyduğu qaydalara riayət edilməsini xahiş edib. Yəni konkret olaraq bu kateqoriyadan olan deputatlara “plenar iclasa qatılmayın” tələbi qoyulmayıb.

Sadəcə olaraq 65 yaşdan yuxarı olan deputatlar saytımıza açıqlamalarında hökumətin qoyduğu qaydalara birmənalı olaraq riayət edəcəklərini və plenar iclasa qatılmayacaqlarını deyiblər.

Həmçinin plenar iclasa qatılan deputatlar 2 metr məsafə aralığı ilə əyləşəcəklər.

Maraqlıdır, infeksiyadan qorunmaq üçün qoyulan qaydalara riayət edən deputatlar maska taxacaqlarmı?

Modern.az-ın əldə etdiyi məlumata görə, bu barədə deputatlara təlimat göndərilib.

Qeyd edilib ki, Milli Məclisdə maskadan istifadə sərbəstdir. Kim istəsə iclas boyu maskada otura bilər. Seçim deputatların ixtiyarına buraxılıb.

Mənbə: modern.az