“Virusla mübarizədə lazım olan addımlar atılıb, bircə o qalır ki..." - Yaqub Məmmədov

“Virusla mübarizədə lazım olan addımlar atılıb, bircə o qalır ki..." -  Yaqub Məmmədov

Azərbaycan əhalisi Covid-19 epidemiyasından qorunmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və məsləhətlərinə qeyrd-şərtsiz əməl etməlidir. Virusdan qorunmaq, sağlamlığımızın qeydinə qalmaq üçün bu, çox vacibdir.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan parlamentinin sabiq sədri, tibb elmləri doktoru, professor Yaqub Məmmədov koronavirusla bağlı Azərbaycan dövlətinin gördüyü tədbirlər və vətəndaşların epidemiyadan qorunmaqı üçün etməli olduğu işlər haqqında danışarkən deyib.

Yaqub Məmmədov bildirib ki, Operativ Qərargah tərəfindən elan olunan və media, televiziya kanallarında gün ərzində səsləndirilən tədBirlərə əməl olunmalıdır: “Təəssüflə deməliyəm ki, bizim camaatımızın müəyyən hissəsi bu məsələlərə adaptasiya olmaq, küçələrdən, parklardan müvəqqəti də olsa, imtina etmək istəmirlər. Bu, yolverilməzdir. Hesab edirəm ki, elan olunan karantinə əməl edilməlidir”.

Professor əlavə edib ki, dövlət lazım olan bütün tədbirləri həyata keçirir: “Dünya dövlətlərində, qabaqcıl ölkələrdə görülən tədbirlər bizdə də artıqlaması ilə görülür. Əlbəttə, bunun nəticəsi olmalıdır və buna görə, əhalimiz evində oturmalı, zərurət olmadığı təqdirdə bayıra çıxmamalıdır. Bir daha qeyd edim ki, bizdə lazım olan addımlar atılıb. Bircə qalır fövqəladə vəziyyət elan etmək, qadağaları ciddiləşdirmək və s. Ehtiyac olarsa, daha ciddi tədbirlər görüləcək. Bunlar yaxşı haldır. Amma insanlarımız gigiyenik qaydalara, verilən qərarlara əməl etməlidir. Bilirsinizmi, camaatımızın gigiyenik qaydalara baxışları bir qədər zəifdir. Buna da səbəb odur ki, həyat şəraiti yaxşılaşanda, maddi imkanlar böyüyəndə bizim insanlarımız sağlamlıq üçün incə məqamları nəzərə almır. Amma belə ciddi məsələlərdə təvazökar olmaq, qayda-qanuna əməl etmək lazımdır. Kütləvi təmaslardan qaçmaq, sağlamlığın qaydasına qalmaq lazımdır”.

 

Mənbə: teleqraf.com