İlham Əliyev koronavirus amilindən müxalifəti susdurmaq üçün istifadə edir

İlham Əliyev koronavirus amilindən müxalifəti susdurmaq üçün istifadə edir

Beynəlxalq aləm Əliyevin “nifrət” çıxışının müzakirəsini davam etdirir, Tofiq Yaqubluya azadlıq tələb edir.

ABŞ-ın xarici siyasət üzrə nüfuzlu dərgilərindən olan The National Interest dərgisi “Avtokratlar nəyə görə koronavirusu sevirlər?” adlı məqaləsində İlham Əliyevin “Novruz çıxışını” sərt tənqid edib. Məqalədən bəzi fikirlərlə sizi tanış edirəm:

“Avtoritar liderlər xalqı qorxu altında saxlamaq və hakimiyyətlərini bərkitmək üçün daima günah keçisi axtarışındadılar. Onlar cəmiyyətin üzərində nəzarəti sərtləşdirməyə çalışırlar. Onlara görə koronavirus yaxşı bir imkandır. Avtoritar rejimləri bir qayda olaraq zorakılıq və repressiyaları durdurmağa çağıran dünyadakı liberal demokratların hazırda başı öz ölkələrində virusun durdurulması üçün səylərə qarışıb. Avtoritar rejimlər COVİD-19-u fərqli düşünənləri və “siyasi düşmənlərini” əzmək üçün istifadə edirlər.

Azərbaycan prezidenti İlham Əliyev müxalif bir qrupun qərargahını koronavirusun yayılması bəhanəsi ilə bağladı. 2014-cü ildə hakimiyyət tərəfindən sökülməmişdən əvvəl qərargahı partladılan Xalq Cəbhəsi partiyası üçün bu səbəb inandırıcı deyil.

Martın 19-da Əliyev daha təhlükəli addım ataraq, müxalifət liderlərini təcrid edəcəyini bildiirdi. Lakin bu təcrid pandemiyayla mübarizə ilə bağlı deyil. O vəziyyətdən istifadə edib “anti-Azərbaycan qüvvələr”, “milli satqınlar”, “beşinci kolon” adlandırdığı müxalifəti təcrid etmək istəyir. İstər paranoya, istər öz qorxusi ilə mübarizə, istərsə də qaydasız rəqabət səbəbindən olsun, demokratik islahat tərəfdarı olanları “milli xainlər” adlandırıb həbs etmək həyasızlıqdan və avtoritar fürsətçillikdən başqa bir şey deyil”.

ABŞ-ın tanınmış politoloqu Pol Qobl da avtoritar rejimlərin koronavirusdan öz rəqiblərini sıxışdırmaq üçün istifadə etməsindən narahatdır. Pol Qobl yazır:

“Beş gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, müxalifət liderini pandemiya dövründə “təcrid edə” bilər, lakin bu “təcridetmə” pandemiya ilə mübarizə üçün deyil, Əliyevin “beşinci kolon” adlandırdığı müxalifətin təcridi üçün edilə bilər.
Əliyev dediyini etdi. Azərbaycan polisi Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat partiyasının üzvü Tofiq Yaqublunu avtomobil qəzası zamanı iki nəfəri döydüyü barədə uydurma ittihamlarla həbs etdi. Lakin, fakt budur ki, onun özünə hücum etmişdilər və hücum edənlər həbs olunmayıb. Yaqublunun vəkilinin onunla görüşməsinə icazə verilmədi və Azərbaycan məhkəməsi onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilməsini qərara aldı. Bu müddətdən sonra o, “xuliqanlıq” ittihamı ilə mühakimə olunarsa, altı ilədək azadlıqdan məhrum edilə bilər”.

Pol Qobl öz məqaləsini belə tamamlayıb:

“Crude Accountability beynəlxalq koalisiyası Qərb hökümətlərini Tofiq Yaqublunun dərhal və qeyd-şərtsiz azad olunması üçün Azərbaycan hakimiyyətinə çağırış etməyə səslədi. Dünyanın bütün xoş niyyətli insanları bu çağırışa qoşulmalı və avtoritar rejimlərin pandemiya ilə mübarizə aparmaq əvəzinə ondan rəqiblərinə qarşı istifadə etmələrini diqqətdə saxlamalıdır.”

24saat.org
 

Mənbə: www.az24saat.org