İranda həbsdə olan Britaniya vətəndaşının müvəqqəti azadlığı daha 2 həftə uzadılıb

İranda həbsdə olan Britaniya vətəndaşının müvəqqəti azadlığı daha 2 həftə uzadılıb

İran əsilli Britaniya vətəndaşı Nazənin Zəqhari-Ratkliffin müvəqqəti azadlığı İran hökuməti tərəfindən daha iki həftə uzadılıb.

Bu haqda onun həyat yoldaşı Riçard Ratkliff məlumat verib.

Nazənin Zəqhari-Ratkliff 2016-cı ildə kiçik qızı Qabrielanı iranlı nənə və babası ilə tanış etmək üçün İrana apararkən Tehran aeroportunda həbs edilib. O, iğtişaşa çağırış ittihamı ilə 5 il müddətinə həbsə məhkum edilib.

Ədliyyə Nazirliyi sözçüsünün bildirdiyinə görə, İran koronavirus epidemiyası səbəbilə siyasi məhbuslar da daxil olmaqla, 85 min nəfəri müvəqqəti olaraq azad edib.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İslam Respublikası son bir neçə gündə azı on siyasi məhbusu azad edib, lakin ən tanınmış siyasi məhbuslar həbsdə saxlanıb.

Tramp administrasiyası və Britaniya hökuməti məhbusların azad edilməsini İranla əsas tələb olaraq irəli sürüb. Vaşinqton və London məhbusların saxta ittihamlarla məhkum edildiyini və girov kimi istifadə edilmək üçün həbs edildiyini bildirir.

Mənbə: www.amerikaninsesi.org