"Onları oprativ həll etmək lazımdır ki, vətəndaşların psixoloji sarsıntısını azaltmaq mümkün olsun"

"Onları oprativ həll etmək lazımdır ki, vətəndaşların psixoloji sarsıntısını azaltmaq mümkün olsun"

Fəaliyyəti dayandırılan, məhdudlaşdırılan hər bir insanın düşdüyü vəziyyəti anlamadan məsələyə sağlam yanaşmaq mümkün deyil. Bu prosesdə ən ağır yük həkimlərlə yanaşı, həm də fədakar polislərimizə düşür. Xüsusilə də hüquq düşüncəsinin aşağı səviyyədə olduğu cəmiyyətdə hər bir hüquqi addımın bir neçə dəfə izahını vermək çox məşəqqətli işdir. Sən dövlətin qanundan danışırsan, qarşındakı da illər uzunu yaşadığı qanundankənar qaydalarda israr edir. Sahibkarlarımızın da durumu çox ağırdır, müqavilə öhdəliklərini yerinə yetirmə imkanı ortadan qalxan yüzminlərlə insanımız sıxıntı içindədir. Günəmuzd çörək pulu qazanan insanlar kifayət qədərdir və onlar da iş yerlərinin bağlanmasından sonra ağır durumdadırlar. Xroniki xəstəlikdən əziyyət çəkənlərin, müəllimlərin, dərsdən uzaq düşmüş şagird və tələbələrin, daha başqa kəsimlərin problemləri üst-üstə qalanmış durumdadır. Ona görə də burada bizim fərdi qaydada Amerika kəşfedirmişcəsinə hansısa fəaliyyət proqramı təklif etməyimiz ciddi səslənməz. Hökumətin yaratığı Operativ qərargah üç faktora əsaslanaraq optimal qərarları alır və tətbiq edir. Birincisi, dünya ölkələrinin təcrübəsi. İkincisi, Dünya Səhiyyə təşkilatının tövsiyələri. Üçüncüsü isə real informasiya əldə etmə imkanından yararlanaraq konkret situasiyanın idarə olunması üçün alınan qərarlar. Addım-addım karantin şərtlərinin sərtləşdirilməsi də ən optimal yanaşmadır. Burada əsas çətinliklər nələrdir? Bələdiyyələrin və vətəndaş cəmiyyəti institutlarının canlı orqanizm kimi daha geniş səlahiyyət və imkanlara sahib olmamasının gətirdiyi dezavantaj. Bu səbəbdən də hədsiz mərkəzləşdirilmiş sosial xidmət mexanizminin bütün ehtiyacı olan vətəndaşlar üçün əlçatanlığında mümkün axsamalar ortaya çıxır.

 

Dövlət əmlakının, torpaq sahələrinin icarəsindən, kirayəsindən ödəniləcək haqların bu dövrdə 50% aşağı salmalıdır. Özəl sektorda kirayə, icarə qiymətlərinin yarı-yarıya azadılması tövsiyə edilməlidir. Banklara olan kredit borclarının bir müddətə təxirə salınması, kommunal xidmətlərə görə bütün ödənişlərin 50% güzəştlə edilməsi kimi məsələləri oprativ həll etmək lazımdır ki, vətəndaşların psixoloji sarsıntısını azaltmaq mümkün olsun. Bunları çox sadalamaq olar, ancaq düşünürəm ki, bizim burada qeyd etdiyimiz təklifləri bizdən də yaxşı araşdıran, mümkün olanı etməyə çalışan hökumət var. Onları mümkün olmayanları etməyə məcbur buraxmaq məsuliyyətli davranış olmazdı.

Mənbə: moderator.az