Həkimlər risq altında bizləri qoruyur, biz onların işinə necə dəstək ola bilərik - müzakirə sualını Prezidentin bir fikri aktuallaşdırdı...

Həkimlər risq altında bizləri qoruyur, biz onların işinə necə dəstək ola bilərik - müzakirə sualını Prezidentin bir fikri aktuallaşdırdı...

Arzuxan Əlizadə:“Həkimlərə dəstək olmaq üçün bütün vətəndaşlar qoyulan qaydalara riayət etməlidir”

“Gündəlik gigiyena qaydalarına yüksək səviyyədə əməl olunmalıdır”

“Həkimlər öz həyatlarını risq altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır”. Bunu Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında deyib. Dövlət başçı deyib ki, həkimlərin maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görülüb: “Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risq altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən, koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər”.

Həkimlər sözügedən məsələdə böyük fədakarlıq göstərərək həyatlarını risq altına atırlar. Belə vəziyyətdə vətəndaşlar onların işinə necə dəstək verə bilər? Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə buna bir neçə kontekstdən yanaşdı: “Həkimlərə dəstək olmaq üçün bütün vətəndaşlar qoyulan qaydalara riayət etməlidir. Mümkün olan qədər hər bir şəxs karantin qaydalarına əməl etməlidir. Bəli, bu indiki dövrdə müxtəlif səbəblərdən çətindir. Ancaq yaranan vəziyyət tələb edir ki, qoyulan məhdudiyyətlərə əməl olunmalıdır. Nəzərə almaq lazımdır ki, bütün dünya koronavirusdan əziyyət çəkir. Bu gün bütün dünya koronavirusla mübarizədə ön cərgədə gedən, yorulmadan gecə-gündüz çalışan, həyatlarını risk altına atan həkimlərin yanında olmalıdır. Vətəndaşlar onların fəaliyyətinə öz işi ilə kömək etməlidir. Azərbaycan həkimləri mümkün olan qədər səy göstərir. Bu çətin problemin öhdəsindən gəlmək üçün çalışırlar. Hesab edirəm ki, vətəndaşlar bu məsələdə nə mümkündürsə onu etməlidir. Gündəlik gigiyena qaydalarına yüksək səviyyədə əməl olunmalıdır. Bütün bunlar nəticə etibari ilə həkimlərin işini asanlaşdıra bilər”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com