Koronavirusun siyasi coğrafiyası - Üçüncü yazı...

Koronavirusun siyasi coğrafiyası - Üçüncü yazı...

Dünya dövlətləri, BMT üzvü olan ölkələr üçün koronavirus pandemiyası "ellə gələn" və hələ də əlacı tapılmayan bir bəlaya çevrilib. Bir çox ölkəylə bərabər virusa qarşı mübarizə aparan Azərbaycan da təhlükəli olan, tək bizim xalqın, dövlətin deyil, həm də planetin qlobal probleminə çevrilmiş Kovid-19 virusu ilə mücadiləyə qoşulub. Müharibə şəraitində yaşayan və Qarabağ adlı böyük bir dərdə düçar olan, torpaqlarının 20 faizini itirib savaşda uduzdurulan, artıq 30 ilə yaxındır nəticəsiz atəşkəs danışıqları ilə hər dəfə mənasız təsəlli ilə doydurulan, daima proseslərə Rusiya, Avropa, ABŞ, hətta İran tərəfindən müxtəlif üsullarla siyasi müdaxilələrə məruz qalan Azərbaycan indi daha bir şərlə - koronavirusla savaşa başlayıb. Elə bir zamanda ki, dostlar da, düşmənlər də pandemiya ilə vuruşur. Lakin Ermənistan, erməni separatçıları, erməni lobbisi yenə öz işindədir. Bütün əzəli düşmənlərin bizə qarşı birləşdiyi bir məqamda təbliğat maşınımız zəifləmiş, sanki taleyüklü bir mövzudan uzaq düşmüş kimi görünür.

 

Əsas mətləbdən uzaq düşməyək gərək. İllər ötür, indi XXI əsrin Qarabağsız 20-ci ilinə qədəm basmışıq. Vaxt isə gözləmir... Pandemiya vəziyyətində Azərbaycanın Çin, Rusiya kimi orijinal ideoloji metodla savaş üsulu seçməsi çətin görünsə də, mümkünsüz deyil. Yetər ki, istək olsun. Kütləvi yoluxmalara qarşı sərt, sistem nəzarətini itirmədən mübarizəyə başlayan Çin Kovid-19 virusunun qarşısını almaq üçün başlatdığı və bütün ölkəni əhatə edən tədbirlər planı çevrəsinə Honkonqu, Tayvanı da nəzarətə almaqla bir daha bu bölgədə kimin söz sahibi oldugunu önə çəkdi.

Hazırda virusa görə dünyanın bir çox münaqişə bölgəsində siyasi, hərbi durğunluq hökm sürsə də, işğalın nə demək olduğunu yaxşı bilən Azərbaycan kimi bir ölkə qətiyyən ən böyük, əsas problemindən qopmamalı və kütləvi depressiyaya qapılmamalıdır. “Dövlət olaraq Azərbaycan pandemiya ilə kütləvi mübarizədə belə Qarabağ probleminə birbaşa, yaxud dolayı yollarla toxuna biləcək hər hansı bir yeni yanaşma tərzi formalaşdıra bilərmi” sualına gəldikdə isə sözsüz ki, dünyanın bəlasına çevrilmiş bir virusla savaşa-savaşa Azərbaycanın reallığını unutmadan, mövcud vəziyyəti nəzərə almaq şərti ilə bu çətin durumdan da faydalanması mümkündür. Böhran şəraitində sarsılmadan siyasi, hətta hərbi addımlar atmaq, torpaqlarımızın düşmən işğalından azad olunması yolunda iş görmək üçün müasir Azərbaycan qlobal çalxalanma fonunda çoxşaxəli siyasət yürütməklə, yəni yaranmış fürsəti dəyərləndirib taktiki gedişlər etməklə bəzi irəliləyişlərə nail ola bilər. Bununla bağlı siyasi coğrafiyaya təsir etmək gücündə olan ölkələri və təzyiqləri gözə alan Azərbaycan Rusiyanın rəqibi ABŞ tək super güclə balans siyasətini qorumaqla, ümümi maraqlar fonunda prosesə qardaş Türkiyəni cəlb etməklə onları bu meydanda birlikdə oynamağa (bəzən reallıq bölgədə maraqların dəyişməsinə səbəb olur) vadar etməli, müttəfiq səlahiyyətləri olan qonşu Rusiyanın qurdlamış şübhələrinə, "Azərbaycan və Ermənistanda ABŞ-a məxsus gizli bioloji laboratoriyalar var" kimi iddialara aydınlıq gətirməli, belə fakt təsdiqini tapacağı təqdirdə Azərbaycan öz mənafeyi xətrinə, milli təhlükəsizlik baxımından ərazisindəki bioloji laboratoriyanın fəalliyyətini müvəqqəti qarşılıqlı razılaşma əsasında dayandırmalı, Qarabağ ərazisi və ətraf rayonlarda hərbi (antiterror) əməliyyatlara başlayanda bütün belə ittihamlardan sığortalanmaqdan ötrü önləyici tədbirlər görməlidir.

Erməni silahlı qruplaşmalarının içində virus daşıyıcılarının sürətlə artdığını mütləq qabardıb bu əməliyyatı həm də pandemiya ilə mübarizə səviyyəsində bir savaş kimi təqdim etmək imkanı hələ ki, tükənməyib. Dünya durğunluq dövrünü yaşayır və indən sonra qlobalizmə qalib gələn mühafizəkarların dünya xəritəsini hansı prinsiplərlə dəyişəcəyi məlum deyil. "Böyük dünya, kiçik dövlətlər" ideyasına keçid üçün pandemiya növbəti mərhələ ola bilər.

Oqtay Qorçu

(Ardı var)

Mənbə: moderator.az