“İki dəfə başıma vurdu və Araikə səs verərsən” dedi – Qarabağ erməniləri “seçki” öncəsi bir-birini qırır

“İki dəfə başıma vurdu və Araikə səs verərsən” dedi – Qarabağ erməniləri “seçki” öncəsi bir-birini qırır

Dünyanı bürümüş koronavirus pandemiyasına baxmayaraq, Qarabağda “seçki yarışı” davam edir və müvafiq olaraq əhaliyə təzyiqlər edilir.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı factor.am saytı yayıb.

Mənbə bildirir ki, martın 31-nə təyin edilmiş “prezident və parlament seçkiləri ərəfəsində” Nor Maraga kəndinin sakini Vrej Qalstyan saytın redaksiyasına müraciət edərək deyib ki, kəndin başçısı Artem Qriqoryan onu prezidentliyə namizəd, keçmiş baş nazir Araik Harutyunyana səs verməyə məcbur edir:

“16 martda mağazadan çıxdım, o mənə yaxınlaşdı, təzyiq etdi. Dedi ki, Masisə (Mayilyana) səs verməməlisən, Araikə səs verəcəksən. Cavab verdim ki, hələ kimə səs verəcəyimə qərar verməmişəm, bu, mənim hüququmdur. Başıma iki dəfə vurdu, dedi ki, söylədiyim kimi səs verərsən. Bu, kəndimizin başçısı Artem Qriqoryan idi ”.

Qriqoryan sayta verdiyi müsahibəsində bu məlumatı təkzib edib, eyni zamanda yerli sakinlərlə əlaqə saxlayan polisin də məsələyə qarışdığını bildirib.

“Bilmirəm, kim orda bu yalanı deyir. Polisdən mənə gəlib dedilər ki, guya mən əhaliyə təzyiq göstərirəm. Dedim ki, ifadəsini yazsın, cinayət işi açın, əgər günahkar olaramsa, cəzalandırın. Döymüşəmsə, qoy polis kimin səhv dediyini araşdırsın. Mən bilmək istəyirəm ki, kim deyib ki, mən insanlara təzyiq göstərirəm. Belə bir hüququm yoxdur axı.

Əgər bunu deyən bu kəndin adamıdırsa, kimin mənə pislik etmək istədiyini biləcəm. Bu “seçki kampaniyası”nda yalnız səsimi verməklə iştirak edəcəm” deyib.

Bundan əvvəl müxalifət lideri, “Dağlıq Qarabağın” İnqilab Partiyasının rəhbəri Artur Osipyan dəfələrlə “Qarabağın prezidenti” Bako Saakyanın dəstək olduğu Araik Harutyunyanın rəhbərliyi ilə bir qrup şəxs tərəfindən təzyiq göstərildiyini deyib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az