Sabah qarabağlılar qalib gələcək, yoxsa irəvanlılar?

Sabah qarabağlılar qalib gələcək, yoxsa irəvanlılar?

Sabah Azərbaycan üçün təkcə 31 mart soyqırımı günü deyil. Sabah daha ağrılı və ağır gündü. Sabah boynumuzu büküb ermənilərin Qarabağda özlərinə prezident, parlament seçdiyi günü mağmıncasına müşahidə etdiyimiz gün olacaq. İki aydır bu günə müxtəlif yollarla mane olmağa, düşmənə rahatsızlıq gətirməyə çağırışlar etsək də.., səsimizə nə diplomatlar, nə də hərbiçilər səs vermədi.

Heç çıxıb açıqlama verən də olmadı ki, biz-torpaqları işğal olan ölkə hansı “müdrik” planlara, hansı beynəlxalq siyasətə, Allah qoymasa hansı perspektiv əməliyyatlara görə indi susmaq məcburiyyətindəyik. Hələ bu günkü parlament iclası? Azərbaycan deputatları 31 mart qurbanlarını bir dəqiqəlik sükutla qeyd etdilər, sonra daha bir məsələni sükutla yad etdilər. Onlar illərdir davam edən Qarabağla bağlı əbədi sükutlarını davam etdirdilər. Belə çıxır ki, bu parlament Qarabağı Azərbaycan torpağı saymır, saysaydı danışardılar. Bunun başqa adı yoxdu. Hərblə münasibət bildirmə, diplomatiya ilə bildirmə, parlamentlə bildirmə.., əcəba bu ölkə niyə bir nömrəli problemi ilə məşğul olmur? Ermənistan parlamentinin deputatları isə “prezident” və “parlament” “seçki”lərində müşahidə missiyası aparmaq üçün Xankəndinə yola düşüb. Xəcalət çəkilsəi müqayisədi. Nə yazıq ki, “xəcalətli düşmən olmur”, bizimkilər özlərini xəcalətli hiss etmədiklərini nümayiş etdirdilər. Əvəzində bir millət olaraq növbəti xəcaləti yaşayırıq. Sabah düşmən bizim torpağımızda, bizim evimizdə dövlət qurduğunu bir daha gözümüzə soxacaq. Nə isə.., sensasiya baş vermədi. Rəzalət davam edir. Ona görə də özümüzdən danışmayaq, bu gedişlə düzələsi deyilik, yaxşısı budur ki, düşmənin siyasətinə baxaq, proqnoz verək, analiz edək görək sabahkı seçkidə kim qalib gələ bilər və hadisələr hara aparacaq? Ermənilər seçkiyə başlayanda demişdim kimi, bizdən haray yoxdur, düşmənin seçkisinə azarkeşlik edək. Görünür biz, müqavimət göstərə bilməyən zorlanana verilən məşhur məsləhətə əməl edənlərdənik. Amma, bəri başdan deyək ki, seçkidə kimin qalib gəlməsinin Azərbaycan üçün xeyirli olacağını fikirləşməyək, kiminsə seçilməsi bizim üçün yaxşı olar, kim olsa pis olar.., gümanlara qapılmayaq, yalançı ümidlər verməyək. Qalib gələn namizəd düşməndir, düşmənin isə fərqi olmur.

 

14 namizədin içərisində üç namizəd daha iddialı və şanslı görünür. 2007-2017 illərdə Dağlıq Qarabağ rejiminin baş naziri olmuş, “Azad Vətən” patiyasının sədri Araik Arutunyan, əsgəranlı general Vitali Balasanyan, rejimin xarici işlər naziri Masis Mailyan.

-Araik Arutunyan 10 il baş nazir vəzifəsini yerinə yetirərkən Dağlıq Qarabağın bütün müəssisə və təşkilatları, onların rəhbərləri ilə yaxın münasibətlərdə olub. İndi də əksər yerli rəhbərlər onun partiyasının üzvləridir. 33 parlament üzvünün əksəriyyəti də Arutunyanın partiyasını təmsil edir. İndiki rəhbər Bako Saakyan da Araik Arutunyanın namizədliyini müdafiə edir və inzibati resursları Arutunyanın xeyrinə istiqamətləndirib. Arutunyan əslən Xankəndindəndir, Serj Sarkisyanla yaxşı münasibətdədir. Amma, Ermənistanın baş naziri Nikol Paşinyanla da konfliktə girməyib, baş nazirlikdən gedəndən sonra Paşinyanın çevrəsi ilə yaxın münasibətlər saxlayıb. Nikol Paşinyan daha çox Masis Mailyanın “prezident”liyini dəstəkləsə də, seçki kampaniyası zamanı onun şansının daha az olduğu məlum oldu və namizədlərdən biri Vitali Balasanyanın ona qarşı aqressiv münasibəti fonunda Araik Autunyanın seçilməsinə də xüsusi etiraz etmir.

-Vitali Balasanyan Dağlıq Qarabağın keçmiş təhlükəsizlik şurasının katibi olub.Ona Qarabağ qəhrəmanı deyirlər, general-mayor rütbəsindədir. Vitali Balasanyanın Ermənistan baş naziri Nikol Paşinyana qarşı nifrətini açıq şəkildə bildirib, hətta ölümlə hədələyib. Balasanyan həm Koçaryan , həm də Serj Sarkisyanla çox yaxındır. Hər iki keçmiş prezidentlər Qarabağ əhalisinə müraciət edib, Balasanyanı dəstəkləməyə çağırıb. Balasanyan çıxışlarında Paşinyanı Moskva ilə münasibətləri pozmaqda ittiham edir və bu yolla da çalışır ki, Rusiya da onun gələcək prezidentliyinə isti münasibət göstərsin. Balsanyan prezident seçilərsə Paşinyan Dağlıq Qarabağ rejiminə Ermənistanın yardımını kəsəsi deyil. İrəvanla Xankəndi arasında konfliktdən biz yararlana bilərik kimi sadəlövhlükdən uzaq olmaq lazımdır. Əksinə, Qarabağ danışıqlarında Dağlıq Qarabağın tərəf kimi iştirak etməsini Paşinyan bu dəfə daha israrla bildirəcək. Alt danışıqlarda Minsk Qrupunu inandırmağa çalışacaq ki, baxın Balasanyan mənimlə razılaşmır, mənimlə konfliktədir, gedin onunla danışın. Bu, Paşinyan üçün bir kozır olacaq. Balasanyan isə Moskva ilə münasibətləri daha da yaxınlaşdırıb, yeri gələndə Paşinyanın Qərbə yönəlik siyasətinə təzyiq və təsir edəcəkdir.

-Masis Mailyan hazırda xarici işlər naziri vəzifəsini tutur. Seçkilər elan olunmazdan əvvəl Paşinyanla isti münasibətlərinə və Paşinyanın da onu dəstəklədiyinə inandıqdan sonra ABŞ və Avropaya səfərlər etdi və Moskvada da görüşləri oldu. Amma, seçki kampaniyası zamanı məlum oldu ki, Qarabağ əhalisi arasında bir o qədər də nüfuz sahibi deyildir. Erməni mediasının yazdığına görə Mailyanın şansı azdır.

 

Seçkilərdə ikinci tur ola bilərmi? Bu variant çox real görünür. Koronavirusla əlaqədar seçkilərin təxirə salınmaması müəyyən narazılıq yaratsa da həm bəzi separatçı liderlər, həm də Paşinyan üçün bu işin tez yekunlaşması onların maraqlarına uyğun gəlir. Əgər ikinci tur olsa, bu iki həftə ərzində baş tutmaya bilər. Bako Saakyan koronavirus pandemiyasını əsas gətirib seçkilərin vaxtını qeyri-müəyyən vaxta qədər uzada bilər. Bako Saakyan üçün bu siyasi konfiqurasiya çox əlverişlidir, hakimiyyət dövrünü bir az da uzatmağa xidmət edir.

Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan üçün düşmənin istənilən namizədinin seçilməsi fərq etmir. Onların hər biri bizimlə bir siyasi məkanda yaşamaq istəmirlər, yəni sülh danışıqları onlar üçün status- kvonun uzanması, nəticədə dünyanı uzun müddət mövcud olmalarına inandırıb, özlərini dövlət kimi tanıtmasıdır. Bu gün “prezident”, “parlament” seçkisi keçirən sabah səfirliklər açacaq, səfirlər, nümayəndələr qəbul edəcəklər. Bu işin əsil səbəbkarı isə ermənilər yox, Azərbaycan olacaq. Əgər bu yerlərin qanunu sahibi olan ölkə heç bir yolla etiraz etmirsə və ya bacarmırsa, sabah Qarabağı dövlət kimi tanıyan da bu vəziyyətə əsaslanacaq ki, onsuz da Azərbaycan heç nəyə etiraz etmir.

İlham İsmayıl

 

Mənbə: moderator.az