Koronavirus və sanksiyalar: Durum dəyişəcəkmi?

Koronavirus və sanksiyalar: Durum dəyişəcəkmi?

Koronavirus pandemiyası şəraitində dünya siyasətində, dövlətlərarası münasibətlərdə sanksiyaların götürülməsi məsələsi olduqca aktual xarakter daşıyır.

Sfera.az bildirir ki, pandemiyanın ən iri ocaqlarından biri olan İranda bu ölkəyə qarşı tədbiq edilən sanksiyaların acınacaqlı təsiri göz qabağındadır. İqtisadi durumu xeyli çətinləşdirən sanksiyalar koronavirusa qarşı mübarizəyə ciddi zərbə vurmaqla ölüm hallarının çoxalmasına səbəb olur.

Təsadüfi deyil ki, BMT-nin baş katibi Antoniu Quterreş dünyanın aparıcı dövlətlərini pandemiya dövründə bütün sanksiyaları ləğv etməyə çağırdı. Buna baxmayaraq, ABŞ xarici siyasətində mühüm alətə çevrilən sanksiyalardan bir sıra ölkələrə, o cümlədən İran və Rusiyaya qarşı istifadə etməkdə israrlıdır. Məsələn, bu günlərdə Vaşinqton İrana qarşı iqtisadi məhdudiyyətləri genişləşdirmək barədə qərar çıxardı.

Siyasi analitiklər hesab edir ki, sanksiyalar dövlətlərarası münasibətlərdə gərginliyi bir qədər artıra bilər. Bu isə koronavirus pandemiyasına qarşı qlobal mübarizənin effektivliyinin azalmasını şərtləndirəcək.

İran artıq sanksiyalara münasibətini açıqlayıb. Olduqca sərt şəkildə ABŞ-a təpki verilib. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif vurğulayıb ki, koronavirus ABŞ-ın zalımcasına sanksiyaları həqiqətini dünya xalqlarına aşkar etdi. O, deyib: "İranlıların sağlamlığının sanksiya edilməsi elə əvvəldən Amerikanın sanksiya və iqtisadi terrorizminin mərkəzi özəyində yerləşirdi”.

Elə bu səbəbdəndir ki, İran ABŞ-ın koronavirusla mübarizə çərçivəsində humanitar yardım təklifini rədd edib. İranın Prezidenti Həsən Ruhani deyib ki, Vaşinqton Tehrana koronovirusla mübarizədə kömək etmək istəyirsə, sanksiyaları qaldırmalıdır.

"Amerikanın liderləri yalan danışırlar. Onlar İrana kömək etmək istəyirlərsə, sanksiyaları qaldırmalıdırlar. Sonra biz koronovirusla mübarizə apara bilərik”, – deyə Ruhani martın 23-də televiziya ilə çıxışında söyləyib.

Göründüyü kimi ABŞ-ın sanksiya siyasəti koronavirusla mübarizəyə mənfi təsir göstərir. Hər halda Yaxın Şərqdə pandemiyadan ən çox ziyan çəkən ölkə kimi İran məhz sanksiya üzündən humanitar yardım təklifini rədd edib.

Güman ki, ABŞ-ın sanksiyalarına tuş gələn digər ölkələr də oxşar davranış sərgiləyəcək. Beləliklə, bəşəriyyəti təhdid edən bəlaya qarşı birgə mübarizə aparmaq faktiki olaraq müşkülə çevrilir. Hazırda epidemiya ocağı olan ABŞ bu barədə bir daha düşünməlidir.(yeni sabah)

Mənbə: sfera.az