İlham Məmmədov: Koronavirusun ciddiliyini başa düşün, ailənizin sağlamlığı naminə evdə qalın

İlham Məmmədov: Koronavirusun ciddiliyini başa düşün, ailənizin sağlamlığı naminə evdə qalın

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün bəşəriyyət dərk edir ki, çox dəhşətli və bu gün üçün qarşısı alınmaz bir bəla ilə üzləşib. Koronavirusun ciddiliyini başa düşün, ailənizin sağlamlığı naminə evdə qalın.

Bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, bu bəlanın ölüm statistikası da öz sözünü deyir:

“Dünyanın ən inkişaf etmiş ölkələri belə bu virusun qarşısında aciz qalıb. Hətta dünyanın hegemon dövləti olan ABŞ-ın Prezidenti Donald Tramp bildirdi ki, "əgər bu prosesi 200 min insanın ölümü ilə başa vura bilsək, biz bu mübarizədən qalib çıxmış hesab olunuruq.

Artıq dünyanın inkişaf etmiş ölkələrində koronavirusa yoluxmuş insanların çeşidlənməsi aparılır. Yəni yaşlı və ağır vəziyyətdə olan insanlar xəstəxanaya qəbul olunmur və onları ölümlə üz-üzə buraxırlar. İnsanlar hətta öz yaxınları ilə vidalaşa bilmirlər. Ölkələrin bir çox sosial məsələlərdə imkanları tükənmək üzrədir.

Tibbi ən inkişaf etmiş ölkələr belə bu bəlanı qarşılayacaq gücdə deyil. Bu ağır durum səhlənkarlığın nəticəsində baş verib. İnsanların koronavirusu ciddiyə almaması və dövlətin qoyduğu qadağalara əməl etməməsi bu çətin vəziyyətin yaranmasına səbəb olub”.

Deputat vurğulayıb ki, koronavirusa qarşı mübarizədə yeganə metod, bu virusa yoluxmamaq üçün yeganə yol evdə qalmaq, izolyasiya olunmaqdır:

“Bütün dünya ölkələrinin rəhbərləri öz vətəndaşlarına bu müraciəti edirlər. İtaliyada həkimlər bu bəlaya düçar olmağın səbəbini insanların bu xəstəliyə laqeyd yanaşmasında görürlər. Ona görə də mən vətəndaşlara müraciət edirəm ki, bu məsələnin ciddiliyini nəzərə alsınlar. Bu infeksiya ciddi şəkildə yayılmağa başlayıb. Bəzi insanlar bu xəstəliyin ciddiliyini başa düşmək istəmir. Dövlət bütün resurslarını səfərbər edib ki, bu xəstəliyə qarşı effektiv mübarizə aparsın. Prezident İlham Əliyev dəfələrlə bununla bağlı xalqa müraciət edib. Gəlin, məsələyə ciddi yanaşaq. Dövlət lazımi tədbirləri görür, siz də buna dəstək olun, evinizdə oturun, virusa yoluxmanın qarşısını alın. Hələ bilmək olmur, bu virus nə qədər davam edəcək, nə qədər can alacaq".

Deputat qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələri belə bu virusun qarşısında aciz qalıblar:

"Siz də bu virusun ciddiliyini başa düşün, ailənizin, yaxınlarınızın sağlamlığı naminə evdə qalın, qoyulan qaydalara riayət edin. Artıq başqa yol yoxdur. Bu xəstəliklə ən effektiv mübarizə yolu, özünü və yaxınlarını qorumağın yeganə vasitəsi evdə qalmaqdır”.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət martın 31-dən 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

Mənbə: az.trend.az