"Bəzi insanların çağırışlara əməl etməmələri inzibati və sərt tədbirləri zəruri edir"- Deputat

"Bəzi insanların çağırışlara əməl etməmələri inzibati və sərt tədbirləri zəruri edir"- Deputat

Martın 30-da Operativ Qərərgahın verdiyi qərara əsasən karantin rejim daha da sərtləşdirilərək insanların çölə çıxmasına qadağa qoyuldu.

Bununla bağlı SONXEBER.AZ-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan ilk günlərdən pandemiyanın zərərlərini minimum endirmək istiqamətində tədbirlərə başladı: "Hökumətin həyata keçirdiyi tədbirlərdə əhalinin iqtisadi durumu da nəzərə alındı. Birdən-birə ciddi məhdudiyyət və qadağaların tətbiqi müəyyən problemlər yarada bilərdi. Ona görə proses mərhələli şəkildə həyata keçirildi. Lakin Operativ Qərargahın dəfələrlə etdiyi çağırışlara baxmayaraq, bəzi insanlar bu çağırışlara əməl etmədilər. Bu səbəbdən virusa tutulanların sayında artım müşahidə olunmağa başladı. Ancaq bütün bunlara baxmayaraq, sərt tədbirlər həyata keçirilmədi. Zaman-zaman biz televiziyalarda xaricdə bu qaydalara əməl etməyən insanlara qarşı ciddi inzibati tədbirlərin görüldüyünün, yüksək məbləğdə cərimələrin tətbiq olunduğunun şahidi oluruq. Azərbaycanda isə hüquq-mühafizə orqanları insanları zor tətbiq etmədən evdən çıxmamağa dəvət edir, xəstəliyin ağır fəsadları barədə məlumatlandırırlar. Ancaq qeyd etdiyimiz kimi bəzi insanların bu çağırışlara əməl etməmələri inzibati və sərt tədbirləri zəruri edir. Odur ki, hər bir vətəndaş bu qaydalara əməl etməli, evdən çıxmamalıdır. Əks halda dövlət daha sərt qərarlar qəbul edə və fövqəladə vəziyyət elan edə bilər".

Aysel Yusifqızı
Sonxeber.az

Mənbə: sonxeber.az