Aprel döyüşlərini araşdıran komissiyanın sədri: “Xaçaturov nəinki yayınır, həmçinin qorxur”

Aprel döyüşlərini araşdıran komissiyanın sədri: “Xaçaturov nəinki yayınır, həmçinin qorxur”

2016-cı ilin Aprel döyüşlərini araşdıran istintaq komissiyası Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, general-polkovnik Yuri Xaçaturova komissiyanın iclasında iştirak etməsi üçün məktub göndərib. Məlumata görə, Xaçaturov martın 25-nə qədər iştirak edib-etməyəcəyi ilə bağlı cavab verməli olub. Xaçaturov artıq komissiyanın sədri Andranik Köçəryana bildiriş göndərib və qeyd edib ki, dəvəti rədd edir.

İstintaq komissiyasında hələlik bu cür vəziyyətdə nə etməklə bağlı qərar yoxdur, çünki Xaçaturovun artıq Aprel döyüşlərinin detalları barədə danışmayacağı məlumdur. Üstəlik, komissiyanın üzvləri əmindirlər ki, Xaçaturov bu cür davranıbsa, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da eyni cür davranacaq. Komissiya Serj Sarkisyanı Yuri Xaçaturovla görüşdən dərhal sonra parlamentə dəvət etməyə hazırlaşırdı.

“Bəli, məktub almışıq, bazar ertəsi işgüzar müzakirəmiz olacaq, görüş zamanı bununla bağlı addımlarımızı müzakirə edəcəyik. İşgüzar müzakirə olmayana qədər hələlik məktubu ictimailəşdirmirəm, müzakirə nəticəsində KİV-lərə hansı məlumatın veriləcəyinə qərar verəcəyik. KİV-lərə informasiya verəcəyik, bundan şübhə etməyin”, - deyə komissiyanın sədri Andranik Köçəryan qeyd edib.

Jurnalistin “Yəni, düşünürsünüz ki, Yuri Xaçaturov informasiyaya sahibdir və gəlməməyi ilə ictimaiyyətdən gizlənir?” sualına Köçəryan bu cür cavab verib: “Əlbəttə, fikrimcə, nəinki yayınır, həmçinin qorxur”.

İstintaq komissiyasının sədri qeyd edib ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın gəlib-gəlməyəcəyini bilmir.

“Bilmirəm, Serj Sarkisyan gələ və danışa bilər, bağışlayın, bu məsələləri Xaçaturovdan öyrənməlisiniz, ona sual verin”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az