Mart soyqırımı qurbanlarının xatirəsi heç zaman unudulmur

Mart soyqırımı qurbanlarının xatirəsi heç zaman unudulmur

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 102 il ötür. "Olaylar" Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, 1918-ci ilin mart-aprel aylarında törədilmiş soyqırımı zamanı Bakı və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Erməni millətçilərinin qeyri-insani əməlləri Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də davam edərək kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirilib.

Bu ağır hadisələrin araşdırılmasında, tarixi həqiqətlərin aşkara çıxarılmasında Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmiş Fövqəladə İstintaq Komissiyasının rolu böyük olub. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu qətliamın və azərbaycanlılara qarşı ermənilərin tarix boyu apardıqları etnik təmizləmə siyasətinin mahiyyətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır.

Soyqırımın ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyində elektron məlumat lövhələrində ermənilərin xalqımıza zaman-zaman törətdikləri vəhşiliklərdən bəhs edən foto və video-slaydlar nümayiş etdirilir, ədliyyə işçiləri tərəfindən mətbuatda çıxışlar edilir, faciənin tarixinə nəzər salınaraq bu qanlı aksiyanın statistikası, miqyası və qəddarlığına görə bəşəriyyətə qarşı həyata keçirilmiş ən ağır cinayətlərdən olduğu bildirilir. Bu kütləvi qırğından uzun illər keçsə də, xalqımız, o cümlədən ədliyyə işçiləri insanlığa sığmayan bu dəhşətli faciənin acı nəticələrini heç zaman unutmur, soyqırımı qurbanlarının xatirəsini daim ehtiramla yad edirlər.

Mənbə: olaylar.az