Ermənilər özlərini bir daha ifşa etdilər – Sən demə, erməninin eyvanı döyüş səngəri imiş

Ermənilər özlərini bir daha ifşa etdilər – Sən demə, erməninin eyvanı döyüş səngəri imiş

Xəbər verdiyimiz dünən Ermənistan ordusunun diversiya qrupu Azərbaycanın Qazax rayonunun kəndlərinə soxulmaq istəyib. Nəticədə düşmənin məkrli niyyətinin qarşısı alınıb və düşmən geri oturdulub.

KONKRET.az xəbər verir ki, erməni mediası atışma zamanı iki hərbiçinin yüngül yaralandığını da deyir və əlavə edir ki, martın 30-da axşam Ermənistanın Tavuş bölgəsindəki Voskevan kəndində bir evin eyvanında dayanan 14 yaşlı uşaq da sinəsindən yaralanıb.

Yeniyetmənin hazırda həkimlərin nəzarəti altında olduğu və həyatına heç bir təhlükənin olmadığı deyilir.

Azərbaycan sərhəd xidməti isə bu xəbəri təkzib edərək bildirib ki, sərhədçilər yalnız ermənilərin döyüş mövqelərini atəşə tutublar.

Bu yerdə haşiyə yazmağın əsil məqamıdır. Birincisi, atışma səngərlər arasında aparılıbsa, güllənin hansısa evin eyvanına çatması absurddur, çünki yerli sakinlər kənd evlərinin cəbhə xəttindən xeyli aralı olduğunu deyirlər.

Belə çıxır ki, onlar Azərbaycanı koronavirusun tüğyan etdiyi bir dövrdə gözdən salmaq üçün öz sakinlərini yüngülcə zədələyiblər. Ən əsası isə işğal edilən Azərbaycan torpağında bu gün keçirilən “parlament və prezident seçkilərindən” fikirləri başqa səmtə yönəltmək istəyirlər.

İkincisi isə 1-ci Qarabağ savaşının 30 ili ərzində erməni hərbiçiləri Azərbaycanın çoxlu sayda azyaşlı uşaqlarını öldürüb, qanına qəltan edib. O zaman öz əməlləri haqda belə hündürdən danışmırdılar.

Daha maraqlı məqam isə Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanı hədələməsidir: “Ermənistan Silahlı Qüvvələri vəziyyətə uyğun addımlar atacaq. Bunun üçün Azərbaycanın siyasi və hərbi rəhbərliyi bütün məsuliyyəti öz üzərinə götürəcək”.

Onlara Ermənistan Ombudsmanı da dəstək verib. Qurumun ofisi bəyanat yayıb ki, mülki yaşayış məntəqələrinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı bütün məlumatlar toplanacaq.

Bu iki quruma isə cavabımız çox sadədir. Toplayın və istədiyinizi edin. Onsuz da etdiyiniz göz qabağındadır. 20 faiz torpağımız hələ sizin əlinizdədir.

Və bir şeyi unutmayın. Azərbaycan tərəfi mülki şəxsləri hədəfə almaq istəsə, bunun üçün N sayda atəş nöqtələri var. Bəlkə sadalayım: Naxçıvanda Günnüt bölgəsi, Gədəbəydə Şınıx ərazisi, Tovuzda Əlibəyli kəndi, Qazaxın Noyemberyanla sərhəd zonası…

Və SON: Bu gün keçirdiyiniz “seçkiyə” bəlkə yağlı bir raket payı göndərək. Ancaq qorxmayın, bunu etməyəcəyik, bizim məqsədimiz gələcəkdə Qarabağ erməniləri ilə birgə yaşamaqdır, o vaxtadək orada qalsalar… Qalmasar da, neyləyək, qonaq gəlib gedərsiniz. Biz ki, qonaqpərvər xalqıq…

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az