Xalqımıza qarşı bütün soyqırım faciələrinə onlayn baxış...

Xalqımıza qarşı bütün soyqırım faciələrinə onlayn baxış...

XX əsrin əvvəllərində xalqımızın yaşadığı soyqırım aktları, genosid tariximizin qanlı səhifələrini təşkil edir. 1918-ci ilin mart-aprel aylarında erməni daşnakları və rus bolşevik birləşmələrinin xalqımıza qarşı törətdiyi qətliamların, soyqırım cinayətlərinin izləri yaşayır. Ermənilər tərəfindən soyqırıma məruz qalan azərbaycanlıların xatirəsinin əbədiləşdirildiyi abidələr, komplekslər xalqımızın ziyarət yeridir. Onu da qeyd edək ki, Qubada, Bakıda inşa edilən bu komplekslər, qoyulan abidələr hər il insanların kütləvi olaraq ziyarətə getdikləri ünvanlardır.

Hazırda isə artıq bu kompleks və abidələrin yalnız onlayn ziyarəti mümkündür.

Məlum olduğu kimi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycanda xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar tariximizin qan yaddaşını ifadə edən abidələr onlayn şəkildə ziyarət edilir. Məlumatlara görə, bununla əlaqədar Quba Soyqırımı Memorial Kompleksi əyani ziyarətçi qəbul etməyəcək.

Bu barədə Quba Soyqırımı Memorial Kompleksinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova məlumat verib.

O bildirib ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar kompleksə onlayn ziyarət təşkil olunur: “İnsanların sıx toplaşması qadağan edildiyindən, kompleksə “Facebook” səhifəsi üzərindən səyahət etmək mümkündür. Səhifədə kompleks barəsində ətraflı məlumatlar da var”.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Vaqif Abışov: “Tariximizin qanlı səhifələrini əks etdirən abidələrə, Quba Soyqırımı Memorial Kompleksinə onlayn ziyarətlərin təşkili koronavirusla mübarizə dövründə ən effektiv üsuldur”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov bizimlə söhbətində abidələrin virtual, onlayn ziyarətinin indiki halda daha effektiv olacağını qeyd etdi: “Açığını deyim ki, Azərbaycan xalqının soyqırım tarixini özündə əks etdirən abidələrə, komplekslərə ziyarətin onlayn şəkildə olması çox müsbət nəticə verəcək. Çünki bu ziyarətlər onlayn təşkil edilirsə, onu internet vasitəsilə daha böyük auditoriya izləyə bilir. Bununla da biz daha böyük auditoriyanı qazanmış oluruq. Bu da Azərbaycan xalqının XX əsrdə bir neçə dəfə genosidə məruz qaldığını dünyaya çatdırmaq üçün bizə münbit şərait yaradır. Fikrimcə, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə onlayn ziyarətin təşkil olunması nəticəsində internet istifadəçiləri Quba Soyqırımı Memorial Kompleksini yaxından izləyə biləcəklər. Bu da faciənin dünyaya çatdırılmasında rol oynayacaq. Tariximizin qanlı səhifələrini əks etdirən abidələrə, Quba Soyqırımı Memorial Kompleksinə onlayn ziyarətlərin təşkili koronavirusla mübarizə dövründə ən effektiv üsuldur” - deyə V.Abışov qeyd etdi.

Faiq Ələkbərli: “...onlayn ziyarətlərin gerçəkləşdirilməsi bu faciələrin həm gənc nəslə, həm də dünya ictimaiyyətinə çatdırılması baxımından müsbət haldır”

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli də hesab edir ki, koronavirusla mübarizə dövründə xalqımızın faciələri barədə məlumatların onlayn yayılması daha effektivdir: “Əlbəttə, bütün hallarda, Azərbaycan xalqının məruz qaldığı soyqırım aktlarından, xüsusən də son əsrlərdə yaşadığı faciələrdən, ən ağır günlərimizdən ciddi nəticələr çıxarmalıyıq. Bu anlamda hər hansı formada, istər onlayn, istər virtual, istərsə də digər şəkildə olsun, biz soyqırım və faciələrimizi dünyaya çatdırmaq üzərində daim düşünməliyik. Nəinki bu faciəni təkrar yaşamamaq, həm də bu faciəni bizə yaşadanlara dərs vermək baxımından onlayn təbliğatın böyük əhəmiyyəti var. Bu soyqırımın törədilməsinin üzərindən 102 il keçir. 102 il əvvəl xalqımıza qarşı genosid törədən rus bolşevikləri və erməni daşnaklarının bu əməllərindən istər Sovet, istərsə də müstəqillik illərində hansı nəticələr çıxardıq, nə etdik? Fikrimcə, 31 mart hadisələrini daha dərindən dərk etməmişik. Bu gün koronavirus təhlükəsilə bağlı soyqırımı qurbanlarının xatirəsinin anılması istiqamətində onlayn ziyarətlərin gerçəkləşdirilməsi bu faciələrin həm gənc nəslə, həm də dünya ictimaiyyətinə çatdırılması baxımından müsbət haldır. Eyni zamanda, onlayn ziyarət gənc nəslə öz dostu və düşməninin tanıdılması baxımından fayda verəcək. Bunlar lazımlıdır. Amma bu şəkildə təbliğatın sistemli xarakter daşıması üçün biz bunu yeni nəslə vaxtında çatdırmalıyıq. Orta və ali məktəblərimiz bu işin üstündə sistemli şəkildə öz işini qurmalıdır. Burada mən orta məktəblərin rolunu xüsusi qeyd etmək istəyirəm. Bu gün koronavirusa görə dərslər yoxdur, tədris məsafəli şəkildə həyata keçirilir, amma müəllimər onlayn vasitə ilə 102 il bundan əvvəl nə baş verdiyini, hansı səbəbdən Quzey Azərbaycanın bir hissəsində, Bakıda 26 Bakı komissarlarının hakimiyyət qurmasını, xalqımızın başına bəlalar gətirməsini şagirdlərə izah etməlidirlər”.

F.Ələkbərli qeyd etdi ki, yalnız rus bolşevikləri, erməni daşnakları və fars şovinistləri tərəfindən əzildiyimizi, başımıza oyunlar gətirildiyini deyil, onlara qarşı apardığımız şanlı mübarizəni də yeni nəslə çatdırmalıyıq.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com