Azərbaycanda koronavirus təhlükəsinin yeni ağır dövrü başlayır - qaydaların sərtləşdirilməsi və hamılıqla maksimum məsuliyyət yeganə nicatımızdır

Azərbaycanda koronavirus təhlükəsinin yeni ağır dövrü başlayır - qaydaların sərtləşdirilməsi və hamılıqla maksimum məsuliyyət yeganə nicatımızdır

Ramil Hüseynov: “İndiki məqamda sosial təcrid qaydalarına hamı birmənalı əməl etməlidir”

Məlum olduğu kimi, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Görünən odur ki, mövcud vəziyyət daha sərt qərarların qəbul olunması zərurətini ortaya qoyub. Çünki əksər dövlət və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə və birgə səylərə baxmayaraq, koronavirus infeksiyasının dünyada yayılmasının qarşısını almaq mümkün olmayıb. Ən son məlumata görə, sözügdən virusdan ölənlərin sayı 38 min nəfərə yaxındır. Bu onu göstərir ki, vəziyyət çox ciddidir. Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Ona görə də hər bir vətəndaş indiki şəraitdə evdən çıxmamalıdır. Fakt ondan ibarətdir ki, ölkə və vətəndaşlar real təhlükə mərhələsinə qədəm qoyub. Bu təhlükə dünyadakı bütün ölkələri ciddi şəkildə təhdid edir. Proseslərin gedişi göstərir ki, yoluxma və ölümlərin sayı artır. Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, virusa yoluxanların bundan sonra da çoxalacağı ehtimalı yetərincə böyükdür. O üzdən, hər evdən çıxma, hər bir kənar şəxslə bu və ya digər dərəcədə təmas infeksiyaya yoluxma, ölüm deməkdir. Ona görə də ölkədəki bütün vətəndaşlar mövcud olan təhlükənin nə dərəcədə ciddi olmasının fərqində olmalıdırlar. Çünki indiki şəraitdə hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risq altına atmaq deməkdir. Bu səbəbdən, birmənalı şəkildə, qoyulan məhdudiyyətlərə bütün vətəndaşlar əməl etməlidirlər.

“...mövcud təhlükə çox ciddidir”

Məsələyə münasibət bildirən siyasi şərhçi Ramil Hüseynovun fikrincə, indiki məqamda sosial təcrid qaydalarına hamı birmənalı əməl etməlidir: “Çünki mövcud təhlükə çox ciddidir. Reallıq ondan ibarətdir ki, koronavirus bütün bəşəriyyəti ciddi şəkildə təhdid edir. Minlərlə insan virusa yoluxduqdan sonra dünyasını dəyişib. Bütün dünyada bu virusla ciddi mübarizə aparılır. Bir sıra sərt məhdudlaşdırıcı xarakterli qərarlar qəbul olunur. Bütün bunlara baxmayaraq, narahatedici məqam odur ki, koronavirus çox sürətlə yayılır. Ona görə də hər bir kəs vəziyyətin nə dərəcədə çətin olduğunun fərqində olmalıdır. Nəzərə almaq lazımdır ki, koronavirusun vaksini hələ tapılmayıb. Pandemiya inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələri təhdid edir. Azərbaycanda bütün resurslar səfərbər edilib ki, ölkəmizdə bu virusa yoluxma minimum olsun. Əsas məsələ insanların qoyulan qaydalara nə dərəcədə əməl etmələridir. Hesab edirəm ki, vətəndaşlar bu çətin vəziyyətdə evdə qalmağa üstünlük verməlidirlər. Qorunmaq üçün ən vacib çıxış yolu budur”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com