Hüquqşünas: “Bu, hərtərəfli fəlakətdir və hamımız buna hazır olmalıyıq”

Hüquqşünas: “Bu, hərtərəfli fəlakətdir və hamımız buna hazır olmalıyıq”

“Azərbaycanın bu günkü çətin vəziyyətini 1 il əvvəl desələr, inanmazdım. Bu, hərtərəfli fəlakətdir və hamımız buna hazır olmalıyıq. Bir neçə problem üst-üstə gəldi. Çətin günlər hələ irəlidədir. Əlbəttə, koronavirus böyük təhlükədir və çoxumuz bunu hələ anlamamışıq. Bura əlavə edin - onsuz da yarıtmaz olan səhiyyəmizi”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov xatırladıb ki, büdcənin əsas gəlir mənbəyi olan neftin dəyəri 19 ABŞ dollarına düşüb: “Bütün dünyada iqtisadiyyatın çökməsi xaricdə, xüsusən Rusiyada yaşayan azərbaycanlıların da gəlirinə ciddi təsir edəcək. Bu da xaricdən Azərbaycana göndərilən pulları kəskin azaldacaq. Azərbaycan hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində bacarıqlı iş adamları ölkəni tərk edib xaricdə qazanaraq burada xərcləyirdilər və əksəriyyəti burada yaşayan qohum-əqrəbasına ciddi maddi yardım göstərirdilər. Yenə hakimiyyətin yarıtmaz siyasəti nəticəsində Dövləti Dövlət edən siyasi partiyalar, vətəndaş cəmiyyəti, KİV-lər və digər institutlar məhv edilib. Uzun illər vətəndaşlarda özünə inam, təşəbbüskarlıq öldürüldüyündən, əvəzində ələbaxanlıq, savadsızlıq aşılandığından insanlarımız çətin durumlarda özünü itirib bədbinlik yaşayacaq. Hakimiyyət öz günahından insanlarda etibarını itirib. Bura əlavə edin ki, hakimiyyət özü bu dönəmdə ciddi dəyişikliklərə məruz qalır. Bu siyahını uzatmaq da olar. "Hər şərdə bir xeyir var" deyiminə də inanıram. Hakimiyyət vəziyyətin ciddiliyini anlayıb, yaranmış fürsətdən maksimum istifadə edib, vətəndaşların qayğısına qalıb uğur da qazana bilər. Rusiya neftinin dəyəri 13 ABŞ dollarına düşdü. SSRİ də neftin qiyməti düşəndə dağılmışdı. Rusiyanın dağılmasını deyə bilmərəm, ancaq çox ciddi daxili problemlər yaşayacağı şübhəsizdir. Bu da bizə Qarabağı azad etmək şansı yaradır.

Mənbə: pravda.az