Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir

Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Ermənistan ordusunun təxribatlarına cavab olaraq 2016-cı il aprelin əvvəllərində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı nəticəsində yaranan rezonans Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu ki, bunun nəticələrini biz bu gün də Ermənistan cəmiyyətində müşahidə edirik. Nəticədə erməni xalqı öz "şanlı ordusunu" tanıdı, eyni zamanda, bu ölkədə işğalçılığın və separatizmin dövlət səviyyəsində dəstəkləndiyi təsdiq olundu. Aprel zəfərində illərlə yaradılan "məğlubedilməz erməni ordusu" mifi dağıldı və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu.

Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə deyib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir".

Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində "Böyük Qayıdış" prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış" prosesinə start verildi. Artıq bu kəndin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Müdafiə Nazirliyinin rəhbərliyinin təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.

Bütün bunlar onu göstərir ki, XX əsrin əvvəllərində əsası qoyulan ordumuzun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində qorunub saxlanılan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Ordusu bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şərəfli missiyasını uğurla davam etdirir.

Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə mütəşəkkil, qüdrətli ordu formalaşdı və onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yarandı. Ümummilli Liderimizin əsasını qoyduğu milli dövlət quruculuğu və Azərbaycan Ordusunun müasir səviyyədə qurularaq gücləndirilməsi prosesinin düzgün inkişaf etdirilməsi nəticəsində ordumuzun formalaşdırılması, torpaqlarımızın layiqli şəkildə qorunması işinin təşkili istiqamətində qəti addımlar atıldı, yeni strategiyaya əsaslanan ordu siyasətinin əsası qoyuldu.

Eyni zamanda, Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində hərbi hissələrdə, kollektivlərdə mənəvi sağlamlaşma dövrü başladı. Hərbi hissələrin ərzaq, əşya-əmlak təminatı gücləndirildi, silah-sursatla təchizat, hərbi qulluqçuların sosial-məişət şəraiti daha da yaxşılaşdırıldı. Azərbaycan əsgərinə və zabitinə münasibət dəyişdi. Qürur mənbəyimiz olan ordumuz ümid yerimizə çevrildi. Döyüş hazırlığının yüksəldilməsi və torpaqlarımızın işğaldan azad olunması naminə islahatlar aparıldı.

Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə qaldırılması, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsi nəticəsində nəzərdə tutulan uğurlara nail olundu.

Azərbaycan Ordusunda yeniləşməyə yol açan sürətli dəyişikliklər və komplektləşdirmə işləri həyata keçirildi. Hətta cəbhə zonasında döyüş tapşırığı icra edən hərbi hissələrin məişət şəraiti daha da yaxşılaşdırıldı, əsgərlərin təlimlər və döyüş növbəsi ilə yanaşı, məişət xarakterli işlərlə məşğul olmalarının miqyası azaldıldı.

Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsinin yoxlanılması, döyüş texnikasının, müasir silahların tətbiqi imkanlarının öyrənilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyət və təminatın təşkili, döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrasının yoxlanılması məqsədilə keçirilən təlimlərə ordunun şəxsi heyəti, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunları, ən müasir standartlara uyğun zirehli texnika cəlb edildi.

Təlimlər, yoxlamalar və digər tədbirlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını belə müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından ustalıqla istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərdi.

Güclü ordu üçün ən əsas şərtlərdən biri də şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir. Əgər psixoloji durum yüksək səviyyədə olarsa, ən müasir texnika ilə təchiz olunmuş düşmənə belə asanlıqla qalib gəlmək olar. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq xalqımızın maddi rifahına təsir edən bütün tədbirlər Azərbaycan Ordusunun şəxsi heyətində mənəvi-psixoloji ruh yüksəkliyi yaratdı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yeni hərbi hissələr inşa edildi, şəxsi heyət üçün hər cür şərait yaradıldı. NATO standartlarına uyğun qurulan hərbi hissələr və müasir kriteriyalar əsasında müəyyənləşdirilən sosial-məişət şəraiti şəxsi heyətin xidmətinə öz təsirini göstərdi.

Ölkə başçısının bu istiqamətdə atdığı çox mühüm və ardıcıl tədbirlər nəticəsində Azərbaycanda ordu sıralarında xidmət edən, Vətənin keşiyində dayanan, onun inkişafına xidmətlər göstərən hərbi qulluqçuların problemlərinin həll edilməsi də dövlətin qarşısında duran prioritet məsələlər sırasında oldu. Əlbəttə ki, bütün məsələlərdə olduğu kimi, burada da Azərbaycan dövləti üzərinə düşən vəzifələri yerinə yetirdi və hərbi qulluqçuların mənzil-məişət problemləri uğurla həll edildi.

Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən bütün hərbçilər ardıcıllıqla şəxsi və xidməti mənzillərlə təmin olunmaqdadır. Bu baxımdan 2019-cu il xüsusilə yadda qaldı. Məsələn, keçən ilin sonunda cəbhəboyu zonada iki hektardan çox ərazidə inşa edilən, ailəli və subay hərbi qulluqçular üçün nəzərdə tutulan, iki və üçotaqlı təmirli mənzillərdən ibarət olan binalar lazımi kommunikasiya sistemləri ilə təchiz edilərək xidməti mənzil kimi hərbçilərin istifadəsinə verildi. İlin sonu, həmçinin Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazasının ərazisində yerləşən növbəti yaşayış binasının hərbi qulluqçuların istifadəsinə verilməsi ilə diqqət çəkdi.

Ötən il ərzində qoşunların yerləşdirilməsi sisteminin təkmilləşdirilməsi və müasir sosial-məişət infrastrukturuna malik hərbi şəhərciklərin yaradılması üzrə tədbirlərin yerinə yetirilməsi davam etdirildi. Hərbi hissələrdə müxtəlif təyinatlı 60-dək hərbi infrastruktur obyekti, bir yeni hərbi hospital kompleksi, hərbi qulluqçular üçün yaşayış binaları inşa edildi, ümumilikdə 200-dən artıq xidməti mənzil hərbi qulluqçuların istifadəsinə verildi, müxtəlif təyinatlı 26 hərbi infrastruktur obyekti təmir olundu və bir sıra obyektlərin inşası hələ də davam etdirilməkdədir. Ötən ilin sonunda Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə 436 ailəyə mənzil verildi. Ümumilikdə son iki ildə Azərbaycanda 2500-dən çox hərbçi ailəsi mənzillə təmin olundu.

Yeni xidməti və şəxsi mənzillərin istifadəyə verilməsi hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsidir. Bu, ümumilikdə Azərbaycan Ordusunda şəxsi heyətin mənzil təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin davamıdır. Bütövlükdə dövlətimizin siyasi və iqtisadi əsaslarının möhkəmləndirilməsi, müdafiə qüdrətinin artırılması istiqamətində qəbul edilən qərarlar, atılan uğurlu addımlar böyük nailiyyətlərin əldə olunmasını təmin etdi. Görülən işlər ordu quruculuğu prosesinə müsbət təsirini göstərdi.

Ordu quruculuğunun tərkib hissəsi kimi Azərbaycan Prezidentinin Sərəncamları ilə Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün Bakı, Naxçıvan, Gəncə və digər şəhərlərdə xidməti və fərdi yaşayış evlərinin tikintisi üçün milyonlarla vəsaitin ayrılması xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, ölkə başçısının son 16 ildə Sərəncamları ilə Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, o cümlədən, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd xidmətlərinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının dövlət büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması da diqqət mərkəzində saxlanıldı. Bütün bu nəzərəçarpan addımların və ordu quruculuğu ilə bağlı həyata keçirilən tədbirlərin daha geniş, əhatəli miqyasda icrası Dağlıq Qarabağ probleminə münasibətdə dövlət rəhbərliyinin qətiyyətli mövqeyinin dəyişməz olduğunu və xalqımızın ümumi mövqeyilə birmənalı şəkildə uzlaşdığının məntiqi nəticəsidir. Xüsusilə, hər il dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin miqdarı əhəmiyyətli dərəcədə artırıldıqca, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir tələblərə uyğunlaşdırılır, şəxsi heyətin mənəvi-psixoloji və döyüş hazırlığında yeni nailiyyətlər əldə olunur, davamlı olaraq hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyası genişlənir, hərbi qulluqçuların mənzil-məişət problemlərinin köklü şəkildə həll olunmasına əsaslı zəmin yaranır. Atılan addımlar tək xidmət edənləri deyil, eyni zamanda, vaxtilə ərazi bütövlüyü uğrunda vuruşmuş ehtiyatda olan hərbi qulluqçuların, eyni zamanda şəhid olanların ailə üzvlərini də əhatə etdi.

Ölkənin milli-strateji maraqlarının təmin olunmasına, xalqla dövlət arasında bağlılığın möhkəmləndirilməsinə xidmət edən bu mütərəqqi addımlar daim ardıcıl şəkildə həyata keçirilir. Odur ki, bu gün regionda modern ordu quruculuğu siyasətinə görə nümunə hesab edilən Azərbaycan Respublikasının müasir tələblərə cavab verən ordusu ölkənin ərazi bütövlüyünü təmin etmək iqtidarındadır.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlığa sahibdir. Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, xalqın arzu və istəyini reallaşdıracaq ordumuzun şəxsi heyətinin daim döyüşə hazır olduğunu göstərdi. Aprel zəfəri sübut etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti istənilən qələbələri qazanmağa qadirdir və ordumuz tezliklə Vətən torpaqlarını düşməndən xilas edəcək!

Ordu.az

 

Mənbə: ordu.az