İqbal Ağazadə: “Bu vəziyyətdə dövlətin yanında olmalıyıq” – Müsahibə

İqbal Ağazadə: “Bu vəziyyətdə dövlətin yanında olmalıyıq” – Müsahibə

Ümid Partiyasının sədri İqbal Ağazadə Reportyor.info-nun suallarını cavablandırıb. Partiya sədri bizimlə söhbətində koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan hökumətinin atdığı addımları, sosial-iqtisadi təsirlərini dəyərləndirib. Müsahibəni təqdim edirik:

– İqbal bəy, hakimiyyətin koronavirusla mübarizə tədbirlərini necə qiymətləndirirsiniz?

– İnsaf naminə, hakimiyyət bacardığını edir. Əlbəttə, çatışmazlıqlar da var. Bu da illər ərzində buraxılan boşluqların nəticələridir. Lakin ekstremal vəziyyət kimi nə mümkündürsə edir.
Əvvəlcə 1 milyard ayrıldı, indi üst-üstə 2 milyarda yaxın vəsaitdir, sosial paket hazırlanır, karantin üçün bacardıqlarını edirlər, sosial təcridi həyata keçirir, xəstəxanalarda hər şeyi etməyə çalışırlar.
Yəni, əvvəlki çaşqınlıqdansa, indi yoluna düşmə var. İnanıram ki, sonuna qədər belə davam edəcək. Biz cəmiyyət və siyasi partiyalar olaraq hakimiyyətə dəstək verməliyik, belə bir məsələdə bölünmək olmaz.

– İnsanlarda bir inamsızlıq var, evdə qalmırlar, karantinə əməl etmirlər. Sizcə, virusla bağlı yayılan xəbərlərə inamsızlıqdan doğur, yoxsa məsuliyyətsizlikdir?

– İnsanlarda inamsızlıq, karantinə əməl etməmək virusun kəskin və ağır olduğunu qəbul etməməkdən irəli gəlir. Sanki hamı virusa yoluxan və ölən kim varsa onu göstərmələrini istəyir.
Əgər dövlət və hakimiyyət bu qədər təşvişdədirsə, qabaqlayıcı sərt tədbirlər görürsə, deməli, bildikləri çox ciddi səbəblər var. Biz bunu nəzərə almalıyıq.
İkincisi, dünyadan gələn xəbərlər, ölüm sayı, yoluxanların statistikası bizə əsas verməlidir ki, koronavirus pandemiyası ilə bağlı vəziyyət nə həddədir.
Biz bilməliyik ki, məsuliyyətsizlikdən doğmalarımız, ən yaxın əzizlərimiz əziyyət çəkə bilər. Ona görə məsuliyyətli olmalıyıq, virusun öldürücü və ağır olduğunu qəbul etməliyik.

– Restoran, taksi, otel, bazarlarda, tikintilərdə iş dayanıb. Hökumətin həmin sektorlarda işləyən təbəqə ilə bağlı ortada real sosial proqramı hələ ki yoxdur. Bəs, ofisiant, şofer və s. evinə necə çörək aparacaq?

– Hesab edirəm ki, hökumət mövqeyini ortaya qoyub. Buna nə dərəcədə riayət edəcəklər, deyə bilmərəm. Amma iqtisadiyyat Mikayıl Cabbarov bildirdi ki, bütün kateqoriyadan olan insanlara yardım ediləcək, sosial paket hazırlanıb. Ümid edək ki, hökumət kimsəni yiyəsiz buraxmayacaq.
Əgər belə bir hal olacaqsa, cəmiyyət, media və siyasi institutlar olaraq dava etməməliyik, bunu hakimiyyətin yadına salmalıyıq. Sadəcə, dövlətin yanında olub, unudulan təbəqəni hökumətə xatırlatmalıyıq.
Çünki belə bir vəziyyətdə hamı dövlətlə bir yerdə olmalıdır ki, kimsə baxımsız qalmasın. İstisna deyil ki, yaddan çıxan təbəqə ola bilər, o halda yerli icra hakimiyyətlərinə, prezidentə müraciət etməliyik.
Amma bunu dava ilə yox, dost kimi deməliyik. Bizim indi bir cəmiyyət olaraq birgə hərəkət etməyimizə böyük ehtiyac var.

– Sizcə, xüsusi karantin əhalinin sosial vəziyyətinə necə təsir edəcək, hökumət ABŞ kimi insanlara ev-ev pul paylamalıdırmı?

– Hökumət müxtəlif tədbirlər görməlidir. Lazım olana pul, lazım olana ərzaq verməlidir. Eyni zamanda bir ölkənin yox, müxtəlif ölkələrin metodlarından istifadə etmək mümkündür.
Əsas məsələ odur ki, hökumət sahibkarı, işsizi, günəmuzd çalışanı unutmasın. Karantin dövründə, belə ağır şəraitdə dövlət xalqa onun babası olduğunu göstərməlidir.

Arifə Əliyeva

Mənbə: reportyor.info