Türkiyə və Naxçıvanla sərhədlər açılır? – OPERATİV QƏRARGAH

Türkiyə və Naxçıvanla sərhədlər açılır? – OPERATİV QƏRARGAH

Xəbər verildiyi kimi, Azərbaycan və Rusiya arasında əldə olunmuş razılığa əsasən, dünəndən etibarən Rusiyadan Azərbaycana səfər edən Azərbaycan vətəndaşlarının Samur-Yaraq Qazmalar dövlət sərhədinin buraxılış məntəqəsindən müvəqqəti olaraq hər həftənin şənbə günləri müəyyən olunmuş vaxtda keçidi həyata keçiriləcək. Bu qərara Azərbaycan və Rusiya arasında sərhəd-keçid məntəqələri vasitəsilə Azərbaycana gəlmək istəyən vətəndaşların müraciətləri əsasında gəlinib.

Məlum olduğu kimi, koronavirus qlobal pandemiyası ilə əlaqədar qarşılıqlı razılıq əsasında Azərbaycanla bir neçə qonşu ölkə arasında da sərhədlər müvəqqəti dayandırılıb. Martın 15-dən etibarən Azərbaycan ilə Türkiyə arasında vətəndaşların hava və quru yolu qarşılıqlı məhdudlaşdırılıb. Həmçinin bu sıraya İran, Rusiya və gürcüstan da daxildir. Eləcə də martın 24-dən etibarən Naxçıvanla hava əlaqəsi sərnişinlər üçün dayandırılıb. Vətəndaşların qarşılıqlı şəkildə qəbulu həyata keçirilmir.

Məlumat üçün bildirək ki, xaricdə olan Azərbaycan vətəndaşları, ilk növbədə azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verilməklə, müəyyən olunmuş qrafik çərçivəsində, karantin rejiminə yerləşdirməklə Azərbaycana gətirilməsi həyata keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bu günə qədər xüsusi çarter reysləri vasitəsilə 10.000 nəfərə yaxın Azərbaycan vətəndaşının müxtəlif ölkələrdən Azərbaycana gətirilməsi təmin edilib.

Məlumata görə, Türkiyə və Naxçıvandan Azərbaycana gəlmək istəyən vətəndaşlarımız var. Onlar sosial şəbəkələrdən bununla bağlı müraciətlər və çağırışlar edirlər. Vətəndaşlarımızın gətirilməsi üçün isə Azərbaycan-Türkiyə və Azərbaycan-Naxçıvan sərhədlərinin müvəqqəti açılması təmin olunmalıdır.

Sözügedən məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov Cebhe.info-ya açıqlamasında hələlik bu barədə məlumatın olmadığını bildirib.

Mənbə: cebhe.info