"Qoy Kəlbəcərdə qanunsuz məskunlaşanlar sevinməsin, biz ona görə səbrlə gözləmişik ki..."

"Qoy Kəlbəcərdə qanunsuz məskunlaşanlar sevinməsin, biz ona görə səbrlə gözləmişik ki..."

"Təkcə Kəlbəcərdə deyil, işğal olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanacağı gün uzaqda deyil"

Sabah Kəlbəcərin işğalının 27-ci ildönümüdür.

Moderator.az-ın əməkdaşı Kəlbəcərin İcra hakimiyyətinin keçmiş başçısı və artıq 123 saylı Kəlbəcər Seçki Dairəsindən seçilmiş millət vəkili Aqil Məmmədovun fikirlərini öyrənib:

"Hər kəs üçün doğulduğu torpaq Vətəndir və müqəddəs hesab olunur. Bu baxımdan vətən torpağının yaxşısı, pisi olmur. Amma kimsə inciməsin, Kəlbəcər bambaşadır və belə bir bənzərsiz təbiət incisi Allahın bizlərə hədiyyəsi idi. Demirəm ki, qədrini bilmədik, sadəcə müstəqilliyimizin ilk illərindəki başıpozuqluq, hakimiyyət uğrunda mübarizə ehtirası, nizami ordumuzun hələ formalaşmaması, bu azmış kimi qonşu dövlətlərin müstəqilliyimizi həzm edə bilməməsi sonda Kəlbəcər kimi bir çox rayonlarımızın işğal olunması ilə nəticələndi. Artıq 27 ildir ki, Vətənimizdə vətənsiz qalmışıq. Amma qoy Kəlbəcərdə qanunsuz məskunlaşan işğalçı sevinməsin, biz millət və dövlət olaraq bu günədək ona görə səbrlə gözləmişik ki, beynəlxalq hüququ tanımışıq, hörmət etmişik, gec-tez ədalətin yerini tutacağına inanmışıq. Eyni zamanda müharibələrin çoxsaylı insan itkiləri və 10 illiklər ərzində bərpası mümkün olmayan dağıntılara da gətirdiyini bilərək sülh yoluna sonadək sadiq qalmağa çalışmışıq. Gəlin razılaşaq ki, ötən 27 ili dövlət olaraq fövtə də verməmişik. Ötən müdddət ərzində aparılan uzaqgörən siyasət nəticəsində dünyanın ən güclü ordularından birinə sahib olmuşuq, iqtisadi baxımdan ölkəmizi regionun ən güclüsü etməyi bacarmışıq. Eyni zamanda cənab prezidentin məcburi köçkünlərin güzəranının yaxşılaşması üçün atdığı silsilə adddımlar və onların məskunlaşması üçün yüzdən artıq müasir şəhərciklərin salınması da dövlətimizin bizlərə necə sahib çıxmasının əyani sübutu hesab olunmalıdır.

Amma nə qədər yüksək komfortlu mənzillər olsa belə biz bir gün də rahat yaşaya bilmirik və hər birimiz öz doğma yurdlarımıza dönəcəyimiz günün həsrəti ilə alışıb-yanırıq. Artıq səbrimiz daşır və işğalçının anlayacağı dildən danışmaq üçün bir nəfər kimi silaha sarılmaq zamanı yetişib. Ali Baş Komandanın qətiyyəti və Silahlı Qüvvələrimizin hər an işğalçını yerində oturtmağa qadir olması hamımızda belə bir əminlik yaradır ki, təkcə Kəlbəcərdə deyil, işğal olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanacağı gün uzaqda deyil. Heç şübhə etmirəm ki, Kəlbəcərdən olan 500 şəhidimizlə bərabər torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin qanı yerdə qalmayacaq, onların ruhu nəhayət rahatlıq tapacaq. Allahdan onlara rəhmət diləyirəm və hamımza Kəlbəcərli gözəl günlər arzulayıram!"

 

Mənbə: moderator.az