İcra başçısı öz avtomobili ilə əhalini evdə qalmağa səslədi

İcra başçısı öz avtomobili ilə əhalini evdə qalmağa səslədi

Koronavirusdan qorunmaqla əlaqədar ölkədə xüsusi karantin rejiminin gücləndirilməsindən sonra bir sıra ərazilərdə əhaliyə xəbərdarlıq edilib. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev isə öz xidməti avtomobilində səsgücləndirici vasitəsilə sakinlərə #evdəqal çağırışı edib.

TED.az xəbər verir ki, müraciətdə koronavirusla mübarizə aparmaq və ondan qorunmağın başlıca yolunun evdə qalmaq olduğu bildirilib. İcra başçısı sakinləri küçəyə çıxmamağa və özlərini qorumağa çağırıb. O, şəhərin bütün küçə, park və meydanlarından keçərək eyni çağırışı edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 29 mart saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilib. Qaydalara görə, sakinlərə zərurət olmadığı təqdirdə evdən çıxmaq qadağan edilib.

Mənbə: ted.az