Artıq rayonlarımızda da koronavirusla bağlı maarifçilik işlərinə start verilib, QHT sektorunda nə tərpənişlər olacaq...

Artıq rayonlarımızda da koronavirusla bağlı maarifçilik işlərinə start verilib, QHT sektorunda nə tərpənişlər olacaq...

Rauf Zeyni: “...koronavirusla bağlı maarifləndirmə işinin həyata keçirilməsində QHT-lərin indiyə qədər gördüyü işlər...”

Koronavirusla bağlı artıq ölkəmizin bölgələrində də maarifçilik tədbirləri həyata keçirilir. Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə paytaxtla yanaşı, regionlarda da qabaqlayıcı tədbirlər görülür, maarifləndirmə işi aparılır.

Məlum olduğu kimi, bu tədbirlər ölkənin bütün rayon və şəhərlərini əhatə edir və koronavirus təhlükəsi aradan qalxana qədər davam etdiriləcək.

Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı müvafiq qurumlar tərəfindən əhali arasında maarifləndirmə işi aparılır, xüsusi karantin rejiminə riayət olunmasına isə polis əməkdaşları nəzarət edirlər.

Nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər Bakıda, eləcə də digər şəhər və rayonlarda davam etdirilir.

Ölkəmizdə qüvvəyə minən xüsusi karantin rejiminin tələblərinə əməl edərək “Evdə qal” kampaniyasına paytaxt əhalisi ilə yanaşı, bölgə əhalisinin də qoşulması vacibdir.

Koronavirusla bağlı maarifçilik işinin genişləndirilməsində yerli QHT sektoru xüsusi fərqlənməlidir. Bu gün QHT təmsilçiləri müxtəlif vasitələrdən istifadə edərək əhali arasında maarifçilik işlərinin həyata keçirilməsində yaxından iştirak etməlidirlər. Amma təəssüf ki, bir çox halda biz QHT təmsilçilərinin fəaliyyətini görə bilmirik. Doğrudur, bəzi QHT təmsilçiləri var ki, onlar mütəmadi olaraq maarifçilik işlərində iştirak edirlər, amma onların sayı o qədər də çox deyil.

Bu gün bölgələrdə karantin rejiminə sakinlərin daha ciddi şəkildə riayət etməsi üçün QHT təmsilçiləri də davamlı olaraq təbliğat aparmalıdırlar. Məlumdur ki, QHT-lərin əksəriyyətinin bölgələrdə əməkdaşları var və onlar bu məsələdə fəaliyyət göstərə bilərlər. Ən azından, evində oturmayıb, “darıxıram” deyib çölə çıxan bir vətəndaşa karantin rejiminin mahiyyətini anlada, koronavirusun bizim üçün nə qədər təhlükəli olduğunu təlqin edə bilərlər.

Bu gün rayon və şəhərlərin icra hakimiyyətləri, yerli bələdiyyələr, icra nümayəndəlikləri küçə və prospektlərdə, məhəllələrdə, qəsəbələrdə, kəndlərdə sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparırlar.

Bundan əlavə, xüsusi maarifləndirici materiallar, vərəqələr hazırlanaraq, çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, avtobus dayanacaqlarına, istirahət parklarının ərazilərinə vurulur.

Eyni zamanda, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə idarə və müəssisələrin inzibati binalarında, küçə və prospektlərdə, parklarda, avtobus dayanacaqlarında, çoxmənzilli yaşayış binalarının giriş blokları, pilləkən və həyətlərində dezinfeksiya işləri də davam etdirilir.

QHT-lər koronavirusla bağlı maarifləndirmə işlərinə nə zaman qoşulacaqlar?

“Biz gücümüzü səfərbər edib elə təbliğat, maarifçilik işləri aparmalıyıq ki, onlar bu məsuliyyətsizliyə son qoysunlar”

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni baki-xeber.com-a bildirdi ki, Azərbaycanda koronavirusla bağlı mübarizə tədbirlərinin başlandığı ilk vaxtlardan aktiv qeyri-hökumət təşkilatları bu prosesə qoşulublar. R.Zeyni hesab edir ki, QHT təmsilçiləri nəinki paytaxtda, hətta bölgələrdə də əhali arasında maarifləndirmə işinin həyata keçirilməsində yaxından iştirak edirlər: “O fikirlə razı deyiləm ki, QHT-lər görünmür. Bu prosesin başlandığı ilk vaxtlardan Azərbaycanın qeyri-hökumət təşkilatları ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınması üçün bütün ictimai səngərlərdə fəaliyyət göstərirlər. Qeyri-hökumət təşkilatları həm paytaxtda, həm də bölgələrdə geniş maarifçilik işlərində iştirak edirlər. QHT-lər həm QHT-lərə Dövlət Dəstəyi Şurasının, eyni zamanda da Milli QHT Forumunun təşəbbüsü ilə maarifçilik prosesində iştirak edirlər. Onlar həm ictimai monitorinq aparır, həm ictimai nəzarəti həyata keçirir, həm də maarifləndirmə tədbirlərində iştirak edirlər. O cümlədən, Milli QHT Forumu 35 nəfərdən ibarət üzvü olan, Bakını, eləcə də bütün bölgələri əhatə edən MDB Koronavirusa Qarşı Mübarizə Qərargahı yaradıb. Bu qərargahda da Şəmkir, Mingəçevir, Qəbələ, Şirvan, Quba, digər şəhər və rayonlarda respublika təlim mərkəzlərinin rəhbərləri birləşirlər və regionları əhatə edən mərkəzlər də o qərargahdadır. İdarə heyətinin qərarı ilə biz də Nazirlər Kabineti yanında Operativ Qərargahla sıx təmasda olaraq bütün səviyyələrdə işlər görürük”.

R.Zeyni qeyd etdi ki, Nizami və Xətai rayonlarında əhali ilə görüşlər keçirib, onlar arasında maarifləndirmə işləri apardıq. Regional təlim mərkəzlərinin rəhbərlərinin həm yerlərdə maarifçilik işləri apardığını, həm də media vasitəsilə əhaliyə müraciətlər etdiklərini deyən R.Zeyninin sözlərinə görə, QHT-lərin koronavirusdan qorunma sahəsində apardığı maarifçilik işləri kifayət deyil və onlar bundan sonra fəaliyyətlərini daha da genişləndirəcəklər. “Demirik ki, koronavirusla bağlı maarifləndirmə işinin həyata keçirilməsində QHT-lərin indiyə qədər gördüyü işlər kifayətdir, xeyr, bundan sonra daha yüksək səviyədə işlər görülməlidir. Amma təəssüflər olsun ki, bölgələrimizdəki vətəndaşlarımız millətin və dövlətin taleyinin həll olunduğu bir dövrdə məsuliyyətsizliyə yol verirlər. Biz gücümüzü səfərbər edib elə təbliğat, maarifçilik işləri aparmalıyıq ki, onlar bu məsuliyyətsizliyə son qoysunlar. Çünki bəzi vətəndaşlarımız var ki, (əsasən də regionlarda - R.Z.) “mənə heç nə olmaz, mən yoluxmaram, məndən narahat olmayın” kimi sözlərlə gününü keçirir və koronavirusa heç bir məhəl qoymaq istəmirlər. Biz bu məsələlərlə razı deyilik. “Bakı-Xəbər” tribunasından da istifadə edərək demək istəyirik ki, bölgələrdə artıq koronavirusa yoluxma halları var və bu narahatedicidir. Bu yoluxma kütləvi hal ala bilər və bunun nəticəsində də biz çox böyük problemlərlə üz-üzə qala bilərik. Ona görə də bu problemlər yaşanmasın deyə, regionlarda vəziyyətə nəzarət daha da gücləndirilməlidir, burada vətəndaşlara vəziyyət detallı şəkildə izah edilməlidir, müvafiq resurslar cəlb olunmaqla inzibati tədbirlər sərtləşdirilməlidir”.

Bu gün koronavirusla bağlı mübarizəyə qoşulmayan, bu yöndə maarifçilik işi görməyən, evində oturub prosesi kənardan izləyən QHT-lər də var. Həmin QHT-lərlə bağlı R.Zeyni bildirdi ki, onlar da gecikmədən prosesə qoşulmalıdırlar: “Açığını deyim ki, mən həmişə aktiv olanlardan danışıram. Aktiv olmayanlar onsuz da aktiv deyillər. Onlara üzümü tutub demək istəyirəm ki, vətənin, millətin ağır günündə QHT təmsilçiləri evdə otursunlar, amma maarifçilik, təbliğat işini evdən həyata keçirsinlər. “Evdə qal, amma həyəcan təbili çal”. Bu gün həyəcan təbili çalmağın zamanıdır. Bütün QHT-lərə, bütün vətəndaş cəmiyyəti institutlarına, aktiv, fəal vətəndaşların hamısına səslənirəm ki, “Evdə qal, amma həyəcan təbili çal”. Qoy bu millət maariflənsin, hər bir vətəndaş bilsin ki, onun özünün şəxsən sağ qalması, onun bu virusdan kənarda qalması cəmiyyətin virusdan kənarda qalması deməkdir. Hər bir vətəndaş maariflənməlidir” - deyə R.Zeyni vurğuladı.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com