Koronavirusun daha çox yayıldığı indiki anda hər kəs bu iki şərtə əməl etsə... Prezidentin dedikləri...

Koronavirusun daha çox yayıldığı indiki anda hər kəs bu iki şərtə əməl etsə... Prezidentin dedikləri...

Rəna Mirzəzadə: “Hər bir Azərbaycan vətəndaşı Prezidentin irəli sürdüyü iki mühüm şərtə -məsuliyyətli olmağa və özünütəcridə əməl etsə, hesab edirəm ki, tez bir zamanda koronavirusun kökünü tamamilə kəsə biləcəyik”

Bu gün koronavirusa yoluxmaması, daha çox insanın bu virusun qurbanına çevrilməməsi üçün Azərbaycan vətəndaşlarının üzərinə çox böyük məsuliyyət düşdüyü danılmazdır. Dövlət vətəndaşın təhlükəsizliyinin təmin edilməsi üçün bütün resurslarını səfərbər edib. Bu halda bütün vətəndaşlar ölkədə tətbiq edilən karantin rejiminə ciddi riayət etməli və özünütəcrid qaydalarına uyğunlaşmalıdır.

Məlum olduğu kimi, Prezident İlham Əliyev martın 31-də İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Ölkəmizdə koronavirusa qarşı mübarizə sahəsində görülən tədbirlərdən danışan Prezident İlham Əliyev qeyd edilib ki, bu istiqamətdə çox önəmli addımlar atılıb. “Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verilibdir. Yəni bu, dövlət tərəfindən görülmüş önəmli addımlardır. Amma buna baxmayaraq, bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından bu xəstəlik Azərbaycanda daha geniş vüsət alır. Ona görə bu gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaş əməl etməlidir. Əminəm ki, əgər insanlar özlərini məsuliyyətli apararlarsa və özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik.

Biz indi yaxşı görürük ki, dünyanın müxtəlif yerlərində nələr baş verir. Dünyanın və Avropanın aparıcı ölkələrində demək olar ki, vəziyyət nəzarətdən çıxır, hər gün minə yaxın insan ən inkişaf etmiş ölkələrdə vəfat edir və tibb personalı artıq lazımi xidmət göstərməkdə çətinlik çəkir. Xəstəxanalar doludur, xəstələri dəhlizlərdə yerləşdirirlər. Bir çox insanlar ona görə vəfat edirlər ki, onlara vaxtında operativ tibbi xidmət göstərilmir, o da buna görədir ki, xəstələrin sayı kəskin artır və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin sayına uyğun xidmət göstərə bilməz. Çünki bütün ölkələrin səhiyyə sistemləri normal şəraitə uyğunlaşdırılıb, o cümlədən Azərbaycanda. Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır. Ona görə dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram. Lazım olmayan vaxtlarda küçələrə çıxmasınlar. Dünən dərc edilmiş və elan olunmuş qaydalara tam əməl etsinlər. Özlərini, öz yaxınlarını, həkimləri qorusunlar. Çünki həkimlər öz həyatlarını risq altına atırlar. Polis işçilərini qorusunlar, necə ki, polis işçiləri onları qoruyur və öz həyatlarını risq altına atır. Ona görə mən vətəndaşlardan bir daha məsuliyyət tələb edirəm və ümid edirəm ki, Azərbaycan vətəndaşları bu məsuliyyət hisslərini nümayiş etdirəcəklər” - deyə Prezident İlham Əliyev qeyd edib.

“Hər birimiz həm özümüzü, həm xalqımızı, həm də dövlətimizi düşünməliyik və virusa yoluxmamaq üçün vacib olan şərtlərə əməl etməliyik”

Tanınmış sosioloq-alim, professor Rəna Mirzəzadə baki-xeber.com-a bildirdi ki, ölkə başçısının verdiyi bütün tövsiyələrə Azərbaycan vətəndaşları ciddi şəkildə, özü də məsuliyyətlə riayət etməlidirlər. R.Mirzəzadənin sözlərinə görə, dünyanı saran koronavirus pandemiyasının ölkəmizdə geniş şəkildə yayılmaması və daha çox insanı məhv etməməsi üçün vətəndaşlar məsuliyyətli olmalı, özlərini təcriddən qaçmamalıdırlar. Prezidentin “əminəm ki, əgər insanlar özlərini məsuliyyətli apararlarsa və özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik” fikrinin çox böyük məna, mahiyyət daşıdığını deyən R.Mirzəzadə hesab edir ki, ölkə başçısının bu fikirləri həm də insanların bu virusa yoluxmaması üçün bir yol xəritəsi, göstərilən düzgün istiqamətdir. “Prezidentin vətəndaşları məsuliyyətə və insanların bu virusa yoluxmaması üçün özünütəcridə səsləməsi çox yüksək qiymətləndirilməlidir. Prezident İlham Əliyevi xalq həmişə sevir və sevəcək də. Amma xalqımızın bu ağır günlərində Prezidentin fədakarlığı, səmimiliyi, sadəliyi özünü daha qabarıq formada göstərdi. O, 2003-cü ildə ilk dəfə Prezident seçilərkən “mən hər bir azərbaycanlının Prezidentiyəm” fikrini işlətmişdi. Prezident bunu 17 ildə onsuz da təsdiq etmişdi, amma o, bunu hər gün hər bir Azərbaycan vətəndaşının qayğısına qalmaqla yenidən təsdiq edir. O, hər bir Azərbaycan vətəndaşını düşünür, qayğısına qalır, ancaq gərək bizim özümüzün də özümüzü qorumağa cəhdlərimiz olsun. Dövlət koronavirusla mübarizə dövründə nə lazımdırsa öz vətəndaşı üçün edir. Həm maddi, həm iqtisadi, həm mənəvi, həm də digər baxımdan dövlət xalqın yanındadır. Bunun qarşılığında Azərbaycan vətəndaşından bu ağır günlərdə yalnız məsuliyyətli olmaq, ondan evdə qalmaq tələb olunur. İnsanlar evdə də sosial izolyasiya qaydalarına əməl etməli, hətta ailə üzvləri ilə belə məsafə saxlamalıdırlar. Bu hamısı bizim sağlamlığımız üçündür. Prezident bir ölkə rəhbəri, bir ata kimi tövsiyələr verir, daxilindən gələn hisslə, həyəcanla, ağrı-acı ilə insanları sağlamlığa çağırır, onlara bu virusa yoluxmamağın yollarını göstərir. Hər bir Azərbaycan vətəndaşı Prezidentin irəli sürdüyü iki mühüm şərtə -məsuliyyətli olmağa və özünütəcridə əməl etsə, hesab edirəm ki, tez bir zamanda koronavirusun kökünü tamamilə kəsə biləcəyik. Sirr deyil ki, bu gün insanlarımızın çoxu daşıdığı məsuliyyəti dərk etmək istəmir. Bəzi insanlarda belə bir fikir formalaşıb ki, mənə heç nə olmaz, mənim immunitetim güclüdür və s. Amma elə deyil. İnsanların çoxu başa düşmür ki, bu virus hava-damcı yolu ilə yayılan və bütün dünyanın fəlakətinə çevrilən bir bəladır. Təkcə Azərbaycan deyil, bütün dünya bu virusla çarpışır.

Bu gün Bakı küçələrində polislər insnaları maarifləndirirlər. Çox istərdim ki, Azərbaycanın ən ucqar qəsəbə və kəndlərində də polislər gəzməli, insanlarla söhbətlər etməli, onları məsuliyyətə çağırmalıdırlar. Bu günlərdə TV-lərdən birində bir veriliş izlədim, müxbir qız küçədə gördüyü bir qadına yaxınlaşıb haradan gəldiyini soruşur. Qadın deyir ki, inəkləri sağıb evə gəlirəm. “Əlini yumusanmı” deyə qız ondan soruşur, o isə “əlimi spirtləyəcəyəm” cavabını verir. Amma o qadın bilməlidir ki, əlini heç olmasa paltar sabunu ilə yumalıdır. Paltar sabunu təmizlik üçün çox yaxşı, güclü bir vasitədir. Bu gün hər bir Azərbaycan insanında sağlamlıq, ünsiyyət mədəniyyəti olmaldır. İnsanlar bir-birinə dayaq olmalıdır, bir-birilə internet, telefon vasitəsilə əlaqə saxlamalıdır ki, ünsiyyət mədəniyyətini davam etdirsinlər. Prezident xalqa müraciət edir, xalqı sağlamlığını qorumağa çağırır. Bu ağır günlərdə Azərbaycan vətəndaşlarının hamısı bir daha dərk etdi ki, onun ölkəsində İlham Əliyev kimi rəhbər var, onun ölkəsində xalqın atası timsalında böyük şəxsiyyətli bir kişi var və o kişi xalqın yanından bir addım da olsun kənara çəkilmədi. Xalqımız ölkə başçısının bütün tövsiyələrinə ciddi şəkildə əməl etməlidir ki, bu bəladan birdəfəlik xilas olaq. Çünki məsuliyyətli olmasaq, özünütəcridə əməl etməsək, vəziyyət daha da pisləşə bilər, bu bəladan xilas ola bilmərik. Odur ki, hər birimiz həm özümüzü, həm xalqımızı, həm də dövlətimizi düşünməliyik və virusa yoluxmamaq üçün vacib olan şərtlərə əməl etməliyik”.

R.Mirzəzadənin sözlərinə görə, insanlar özü özünə ciddi nəzarət etməlidir ki, bu bəla birdəfəlik ölkəmizdən ayağını çəkib getsin. O qeyd etdi ki, ölkəmizdə koronavirusun geniş vüsət almamasının səbəbi Prezidentin göstərişi ilə əvvəlcədən görülən qabaqlayıcı tədbirlər olub: “Cənab Prezidentin göstərişi ilə həyata keçirilən operativ tədbirlər böyük fayda verir. Bu virusun ölkəmizdə geniş yayılmaması üçün karantin rejimi elan edildi, ali və orta məktəblər müvəqqəti olaraq bağlandı. Koronavirus dövründə məktəblərin bağlanmasında əsas məqsəd dövlətin uşaqlarımızı qoruması idi. Dövlət uşaqlarımızı qorudu. Amma təəssüf ki, biz bu məsələdə ciddi valideyn məsuliyyətsizliyi görürük. Evdə oturmalı olan uşaqları bir çox halda biz valideynlərinin yanında şəhərdə görürük. Əgər valideyn, ana uşağını yanına salıb gəzdirirsə, buna nə ad verək? Bu uşaq niyə bayırda olmalıdır? Uşaqların evdə oturması valideynlərə fürsət verir ki, uşaqları əl əməyinə öyrətsinlər. Uşaqlarımızın əl əməyinə alışdırılmasına ciddi ehtiyac var. Bilirsiniz, qəribə də olsa COVID-19 insanları evinə bağladı. Sanki bu epidemiya ona görə yayıldı ki, insanı evinə bağlasın və “evindən də xəbərin olsun” desin. İnsanlar vardı ki, bu epidemiyaya qədər öz evindən, ocağından xəbəri yox idi”.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com