Aprel müharibəsinin 4-cü ili...

Aprel müharibəsinin 4-cü ili...

Bu gün “Aprel döyüşləri”nin 4-cü ili tamam olur.

Yenisabah.az xatırladır ki, “Aprel döyüşləri” 2016-cı il aprelin 1-dən 5-dək Azərbaycan və Ermənistan ordusu arasında son illərdə baş vermiş ən böyük toqquşmadır. Döyüşlər 4 gün davam edib.

Bu döyüşlərdə Azərbaycan ordusu erməni hərbi qüvvələrinə ağır zərbə vuraraq 1994-cü ildən işğal altında olan bir sıra əraziləri geri alıb. Bu sırada Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqeləri göstərmək olar.

“Aprel döyüşləri” həm də Azərbaycan cəmiyyətində həmrəyliyə səbəb olub. Həmin dövrdə Azərbaycanda əli silah tuta bilən hər kəs Azərbaycanın bütövlüyü uğrunda döyüşməyə hazır olduğunu nümayiş etdirib. Döyüşlər başlamışkən ermənilərin işğal siyasətinə birdəfəlik son qoyulması təklifləri ilə çıxış edənlər olub.

“Aprel döyüşləri”ndə şəhid olan hərbçilərimizin dəfn mərasimlərinin izdihamlı keçməsi, xüsusilə, gənclərin fəallıq göstərməsi düşmənlə mübarizə əzminin ölmədiyini, əksinə daha da artdığını ortaya qoyub.

“Aprel döyüşləri” həm də Azərbaycan ordusunun yüksək hərbi hazırlığa malik olduğu, ən yeni texnika və silahlardan uğurla istifadə etməsi ilə yadda qalıb.

Mənbə: yenisabah.az