Erməni lobbiçiləri ABŞ-ın Qarabağdakı minatəmizləməyə ayırdığı vəsaiti bərpa etməyə çalışır

Erməni lobbiçiləri ABŞ-ın Qarabağdakı minatəmizləməyə ayırdığı vəsaiti bərpa etməyə çalışır

Artıq məlum olduğu kimi, ABŞ rəhbərliyi işğal altında olan Dağlıq Qarabağdakı minatəmizləmə proqramını maliyyələşdirməyi dayandırıb. Amerikadakı erməni təşkilatları bu istiqamətdə işlərini isə davam etdirir. ABŞ rəhbərliyi 2019-cu ildə Dağlıq Qarabağda minatəmizləmə əməliyyatının maliyyələşdirilməsini dayandırmaq qərarını bir daha təsdiqlədi. İngiltərənin “Halo Trust” təşkilatının həyata keçirdiyi minatəmizləmə proqramının tamamlandığı bildirilib. Aşkar edilmiş yeni ərazilərin təmizlənməsi üçün “Halo Trust” maliyyələşdirilməsinin uzadılmasını tələb etsə də, rəhbərlik bu məsələni cavabsız qoyub.

“Bu iş bitməyib. Qarabağa yardım proqramını saxlamaq və genişləndirmək üçün mübarizə davam edəcək”, - deyə Vaşinqtonun Erməni Milli Komitəsinin mətbuat katibi Yeğizabet Çulçyan bildirib.

Amerikanın Erməni Assambleyasının Konqreslə əlaqələr üzrə məsul şəxsi Mariam Xaloyan da bildirib ki, hazırda bu proqramın uzadılması üçün işlər davam etdirilir.

Layihənin qorunub saxlanması işləri əvvəllər də ABŞ Konqresinə çıxarılıb.

“Aydındır ki, icra hakimiyyəti orqanı olan həm Ağ Ev, həm də Xarici İşlər Nazirliyi Qarabağa yardım proqramının başladığı 1998-ci ildən bu yana bu layihəyə qarşı çıxırdı. Hər il bu humanitar proqramı qorumaq üçün ABŞ Konqresi ilə işləyirik”, - deyə Çulçyan vurğulayıb.

Konqres 2020-21-ci illər ərzində xarici ölkələrə yardımların bölüşdürmə qətnaməsi ətrafında müzakirələr daha yeni başlayıb.

Artıq erməni lobbisinin təsiri altında olan 75 konqresmen minaların Qarabağın dinc əhalisinə təhlükə yaratmaqda davam etdiyini vurğulayan məktub yayıb və minalardan təmizlənmə üçün Xarici Təyinatlar Qətnaməsinə 1,5 milyon dollarlıq bir müddəanın daxil edilməsinə dair çağırış ediblər. Maliyyələşdirmənin dayandırılması tez-tez ABŞ-ın indiki administrasiyasının xarici yardımla bağlı siyasəti ilə əlaqələndirilir.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az