“Öz məsuliyyətlərini başa düşməsələr, biz insanları itirəcəyik”

“Öz məsuliyyətlərini başa düşməsələr, biz insanları itirəcəyik”

“Koronavirusa yoluxma ölkəmizdə artan dinamika üzrə gedir və bu, pis haldır. Əgər insanlar özlərini evdə izolyasiya etməsələr, vəziyyət acınacaqlı ola bilər”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. O bildirib ki, dövlət üzərinə düşəni layiqincə yerinə yetirir: “Bir çox dünya ölkələri Azərbaycanın atdığı addımları özlərində tətbiq edib effektini görürlər. Amma bununla yanaşı, Azərbaycan vətəndaşı öz sosial məsuliyyətini anlamalı və dərk etməlidir.

Mən deputat və vətəndaş olaraq bütün Azərbaycan xalqına çağırış edirəm ki, karantin rejiminə hər kəs əməl etsin. Zərurət yaranmadan kimsə çölə çıxmasın və hamı öz evində otursun. Virusa qarşı Azərbaycan xalqı birgə mübarizə aparsın və biz az təsirlə öz dövlətimizi, xalqımızı qoruyaq. Amma çox təəssüf ki, bəzi insanlar öz sosial məsuliyyətini başa düşmürlər. Təkcə özlərini yox, eyni zamanda, ailə üzvlərini ciddi təhlükə altında qoyurlar. Əgər insanlar öz sosial məsuliyyətini başa düşməsə, Azərbaycanda çoxlu sayda bu virusa yoluxma olacaq və biz insanları itirəcəyik. Avropa ölkələrinin təcrübəsi bir daha göstərdi ki, insanların məsuliyyətsizliyi o dövlətlərin pis vəziyyətə düşməsinə gətirib çıxardı. Hər kəsdən xahiş edirik ki, karantin rejiminə əməl etsinlər”.

Günel Türksoy

Mənbə: qafqazinfo.az