Hər kəs evə tələsir, amma... – Bütün dünyanın üzləşdiyi təxliyə problemi

Hər kəs evə tələsir, amma... – Bütün dünyanın üzləşdiyi təxliyə problemi

“Dünyanın müxtəlif hava limanlarında növbələrdə gözləyir və qışqırırlar: “Biz Rusiya vətəndaşlarıyıq”. Rusiya pasportunun tozunu üfürərək, izah edirlər ki, “biz qanun üzrə vətəndaşıq”. Onda ən əsas şeydən başlamaq lazımdır: xalqına və ölkənə hörmətdən”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova koronavirus pandemiyasının yayılmasından sonra müxtəlif ölkələrdə yaşayan Rusiya vətəndaşlarının geri qayıtmaq istəyi haqda danışarkən belə deyir və tənqid edir ki, indiyə qədər öz ölkəsini tanımayanların, öz pullarınə xarici ölkələrə yatıran zəngin rusların yadına Vətən indi düşüb.

Koronavirusun bütün dünyada yayılmasından və sərhədlərin bağlanmasından sonra Vətən anlayışı, xüsusilə indiyə qədər öz ölkəsindən qaçanlar, yaxud doğulduğu yerləri bəyənməyənlərin Vətən sevgisi aktuallaşdı. Buna səbəb bütün ölkələrin sərhədlərini bağlaması və yalnız öz vətəndaşlarına xidmət göstərmək istəyidir.

Misal üçün, Böyük Britaniyada tibbi sığortaların ödənilmədiyi vəziyyəti yaranıb, sığorta öhdəlikləri ləğv edilir. Avropanın inkişaf etmiş ölkələri virusla mübarizədə məğlub vəziyyətdədir və əsas üstünlüyü “özlərindən olanlara” verirlər. Hərçənd, indiyə qədər başqa ölkələrdən gələnlərə miqrant statusu verir, yaxud zəngin olanların kapital yatırmasına şərait yaradılırdı. Koronavirus bütün bu münasibətləri alt-üst etdi. Rusiya XİN-in sözçüsünun tənqidi də məhz indiyə qədər öz ölkəsini yada salmayanlaradır.

COVİD-19 pandemiyası bütün ölkələrin sərhədlərini bağlamasına, beynəlxalq uçuşların dayandırılmasına səbəb oldu. Məqsəd bütün hərəkətin dayanması və beləliklə, virusun yayılmasının qarşısının alınması idi. Bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən edilib. Çünki araşdırmalar virusun hərəkət halında yayılma riskinin yüksək olduğunu göstərir. Hətta yaşadığı ölkədən öz Vətəninə qayıdanlarda bir neçə gün sonra virusun aşkarlanması faktları var.

Sərhədlərin bağlanması və beynəlxalq uçuşların dayandırılması radikal addım kimi görünür, hərçənd, dərmanı hələki tapılmayan virusun yayılmasının qarşısını almaq üçün bundan effektli yol yoxdur. Bu situasiya bir çox ölkənin xaricdə olan vətəndaşlarının bloklanmış vəziyyətə düşməsinə səbəb oldu. Hazırda ABŞ, Böyük Britaniya, Fransa, Rusiya kimi böyük dövlətlər də daxil olmaqla müxtəlif ölkələrin xaricdəki vətəndaşları çətin vəziyyətdə qalıb.

ÜST tövsiyə edir ki, hər kəs olduğu yerdə qalsın və müvəqqəti olaraq, özünü karantinə alsın. Amma beynəlxalq hava limanlarındakı növbələr insanların bu tövsiyəyə əmək etmədiyini və öz evlərinə, Vətənlərinə qayıtmaq istədiyini göstərir, virusun yayılma riski çoxalsa da...

Tələbələr, turist kimi səfər edənlər, “oturum hüququ” alanlar, yaxud bunu almaq üçün hər cür yola əl atanlar, öz ölkəsini unudan zəngin şəxslər və s. Bunlar geri qayıtmaq istəyənlərdir. Lakin bütün ölkələr təxliyə prosesində eyni problemlərlə üzləşirlər.

ABŞ xarici ölkələrdə qalan 50 mindən çox vətəndaşının geri qaytara bilmir. Dövlət Departamenti “mümkün qədər çox amerikalını evə gətirməyə çalışdıqlarını” deyir, lakin hava limanlarında qalan amerikalılar buna inanmaq istəmirlər.

Dövlət Deprtamentinin rəsmisi İan Brounle martın 28-də jurnalistlərə açıqlamasında deyib ki, 9000 amerikalının ölkəyə qayıtmasına kömək ediblər.

“Lakin dünyanın müxtəlif ölkələrindən 50 mindən çox ABŞ vətəndaşı geri qayıtmaq istədikləri ilə bağlı mesajlar göndərib. Mümkün qədər daha çox ABŞ vətəndaşının qayıda bilməsinə çalışırıq”, - bildirib.

Hazırda 4 min amerikalı Peruda, 7 minə yaxını isə Ekvadorda qalıb. Onlar Dövlət Departamentinin niyə əsasən turist kimi səfər edənlərə üstünlük verdiyini və niyə hərbi təyyarələrdən istifadə edilmədiyini anlamadıqlarını bildirirlər.

Peruda qalan Ayden Ehrhard həftə sonuna qədər ABŞ-da olacağına ümid etdiyini deyir: “ABŞ və Peru arasında danışıqlar davam edərsə, ya sabah, ya da cümə günü çıxmalıyıq”.

Onlar 12 tələbə və üç müəllimdə ibarət qrup halında Peruya səhayət etmişdilər. Lakin virusa görə sərhədlər bağlandığı üçün çəti vəziyyətdə qalıblar.

“Foregin Police” nəşri yazır ki, Dövlət Departamenti amerikalıların evə qayıtması istiqamətində çalışır.

“Koronavirusun yayılmasının qarşısını almaq üçün sərhədlər bağlanandan sonra dünyanın müxtəlif ölkələrində olan ABŞ vətəndaşları çətin vəziyyətə düşdülər. Onlar qorxur və xilas olmaq istəyirlər. Çoxları ABŞ səfirliyini köməyə çağırır, lakin virusun yayılma təhlükəsi rəsmilərin əl-qolunu bağlayıb. Hazırda müxtəlif ölkələrdəki ABŞ səfirlikləri amerikalıların geri müraciətləri ilə dolub-daşır. Sürətlə yayılan pandemiya fonunda çoxları üçün onları evə aparacaq bir bilet ölüm-qalım məsələsinə çevrilib”, - nəşr yazır.

Bəziləri Dövlət Departamentini laqeyd münasibətdə, bürokratik əngəllər yaratmaqda və bəzi ölkələrlə fikir ayrılığına görə ABŞ vətəndaşlarına kömək etməməkdə ittiham edirlər.

Dövlət katibi Mayk Pompeo isə amerikalıların evə qayıtması üçün gecə-gündüz işlədiklərini deyir. Hərçənd, o, etiraf edir ki, “Abş hökuməti çarter uçuşlarını təşkil edəcəyinin zəmanətini verə bilmir”.

Təxminən 1 həftə öncə 1 milyona qədər Böyük Britaniya vətəndaşının pandemiyaya görə evə qayıda bilmədiyi məlumatı yayılmışdı.

“The Guardian” nəşri yazır ki, Xarici İşlər Nazirliyi bununla bağlı xəbərdarlıq etmişdi, hərçənd, bu xəbərdarlığı ciddi qəbul etməyən və indi evə qayıda bilməyənlər hökuməti tənqid edirlər.

Yeni Zelandiyada “mühasirədə” qalan 300-dən çox İngiltərə vətəndaşı “WhatsApp” qrupu yaradıb və onlar İngiltərə səfirliyinin heç bir iş görmədiyini deyir. İngiltərə hökuməti isə bunu təkzib edir. Xarici İşlər Nazirliyinin rəsmiləri bildirirlər ki, evə qayıda bilməyənlərin çoxu beynəlxalq uçuşların dayandırılacağı haqda xəbərdarlıqları qulaqardına vururdu.

Bununla yanaşı, İngiltərə hökuməti pandemiyanın kütləvi ölümlərə səbəb olduğu İtaliya və İran kimi ölkələrdəki vətəndaşları təxliyə etdiyi üçün tənqidə məruz qalıb.

Analoji problemlə Fransa vətəndaşları da üzləşir. Hazırda müxtəlif hava limanlarında gözləyənlər sırasında fransızlar da var. Fransa hökuməti isə xaricdə olan 10 minlərlə vətəndaşının yalnız yarısını təxliyə edə biləcəyini açıqlayıb. Buna baxmayaraq, təxliyəni tələb edən xaricdəki fransızların qeyri-ciddi münasibəti bu prosesə böyük əngəllər yaradır. Çox vaxt əvvəlcədən qayıtmaq istəyini bildirən fransızlar son məqamda fikirlərini dəyişir və ya ümumiyyətlə hava limanına gəlmirlər. Əksər fransızları narahat edən məqamlardan biri göndərilən təyyarələrin ödənişli əsasda və olduqca yüksək qiymətə sərnişin qəbul etməsidir. Digər halda isə aviaşirkət təyyarənin tam dolmaması səbəbindən havaya qalxmaq istəmir və günlərlə bütün yerlərin dolmasını gözləyir.

“Zəngin insanlardan biri xahiş edir ki, onun uzun müddətdir Londonda qalan oğlu üçün şəxsi təyyarə göndərilsin”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Martiya Zaxarova bu barədə kinayə ilə danışır və bildirir ki, vaxtilə xaricə gedən, ora pul qoyan zəngin ruslar indi geri qayıtmaları üçün kömək istəyirlər.

Zaxarova xaricdəki Rusiya vətəndaşlarının öz ölkələrini məhz indi, çətin vəziyyətdə yada salmasını tənqid edir.

Hazırda xarici ölkələrdə qalan Rusiya vətəndaşlarının təxliyəsində eyni problemlər yaranıb. Zaxarova bildirir ki, müxtəlif ölkələrdə qalan Rusiya vətəndaşlarının geri qayıtması üçün dövlət əlindən gələni edir. Hərçənd, vətəndaşlar onlara dəstək göstərən diplomatik xidmət orqanları əməkdaşların necə çətin şərtlər altında çalışmağa məcbur olduqlarını
nəzərə almırlar.

Göründüyü kimi, koronavirus pandemiyası yeni reallıqlar yaradıb. və hər kəs öz Vətənini arzulayır. Hərçənd, beynəlxalq uçuşların dayandırılması bütün ölkələrin – hətta güclü və hər şeyə qadir kimi qəbuk edilənlərin belə eyni çətinliklə üzləşdiyini göstərir.

Asif Nərimanlı

Mənbə: publika.az