Deputatdan Əli İnsanovun çağırışına etiraz: “Həkim komissiyalarının yaradılmasına ehtiyac yoxdur”

Deputatdan Əli İnsanovun çağırışına etiraz: “Həkim komissiyalarının yaradılmasına ehtiyac yoxdur”

Sabiq səhiyyə naziri Əli İnsanov özünün sosial şəbəkə hesabında Azərbaycanda koronavirusa qarşı mübarizənin səmərəli şəkildə təşkil edilməsi məqsədi ilə həkimləri və müxtəlif əlaqədar təşkilatların və mütəxəsislərin iştirakı olmaqla Dövlət Komissiyasının yaradılmasını təklif edib. Əli İnsanov bildirib ki, dünya təcrübəsindən istifadə edərək ictimaiyyətin də yaxından iştirakı ilə mərhələli tədbirlər planı hazırlanmalı və həyata keçirilməlidir.

Bu barədə Modern.az-a danışan həkim, deputat Məlahət İbrahimqızı isə belə bir komissiyaya ehtiyac olmadığını söyləyib. M. İbrahimqızı qeyd edib ki, Azərbaycanda koronavirus pandemiyasının qarşısını almaq üçün mükəmməl önləyici tədbirlər həyata keçirilir:

“Prezident İlham Əliyev də bu məsələ haqqında danışarkən bildirdi ki, başqa ölkələrin buraxdığı səhvləri təkrar etməyərək, ciddi karantin rejimi ilə koronavirusun təsirlərini minimuma endirməyə çalışırıq. Təbii ki, başqa ölkələrdə elm adamları virusu məhv etmək üçün vaksinlərin hazırlanması üzərində ciddi işləyirlər. Dünya bu prosesə səfərbər olunub. Ona görə belə bir məqamda hesab edirəm ki, Azərbaycanda həkim komissiyalarının yaradılmasına hələlik ehtiyac yoxdur”.

Buna baxmayaraq, deputat hesab edir ki, Elmlər Akademiyasının alimləri bu işdə biliklərini səfərbər etməlidirlər:

“Virusoloqlar, bioloqlar, epidemioloqlar və s. sahələrin mütəxəssisləri birgə vəziyyəti dəyərləndirə bilərlər. Bizim savadlı alimlərimiz, bu kimi sahələrdə təcrübəli mütəxəssislərimiz var. Əminəm ki, onlar bu məsələnin həlli üçün hərəkətsiz deyillər.

Bu ilk dəfə görülən bir virusdur. Ona görə, Amerika, Avropa dövlətləri kimi inkişaf etmiş regionlar bu virusun fəsadlarını aradan qaldırmaqda acizdirlər. Amma dünyanın bu müsibətin də öhdəsindən gələ biləcəyini düşünürəm”.

Mənbə: modern.az