Səfir: “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”

Səfir: “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”

Müəlliflər: Xu Lin, An Yu, Vanq Donqai

Dünyanın bir çox ölkəsində yeni koronavirus pandemiyası yayılıb. Onlardan biri də Çindir.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı nəşrimizə açıqlamasında Pekinin xəstəliklə mübarizədə vaxtında sərt, hərtərəfli və əhatəli tədbirlər gördüyünü, nəticədə qısa müddət ərzində epidemiyanı nəzarətə götürdüyünü bildirib. Diplomat hesab edir ki, Çinin təcrübəsi epidemiyanın yayılmasının dayandırılmasında, insanların müayinə və müalicəsində beynəlxalq ictimaiyyət üçün dəyərli töhfə olub.

Əkrəm Zeynallı bildirib ki, Çin son 2 ayda ölkə başçısı Si Cinpinin rəhbərliyilə ölkədə epidemiyanın nəzarətə alınması istiqamətində həqiqətən də görünməmiş addımlar atıb. Epidemiyanın artıq bütün dünyaya yayıldığını və pandemiyaya çevrildiyini xatırladan səfirin fikrincə, bu xəstəliklə mübarizədə digər ölkələr Çindən nümunə götürməlidir. “Mübadilə və koordinasiya gücləndirilməli, profilaktika və nəzarət tədbirlərində beynəlxalq əməkdaşlıq genişlənməlidir”, - deyə Ə.Zeynallı qeyd edib.

Diplomat pandemiya ilə mübarizənin ən qızğın dövründə Azərbaycan hökuməti və xalqının Çinə dəstək olduğunu xatırladıb. İnsanların kütləvi şəkildə dünyasını dəyişdiyi günlərdə Azərbaycan prezidenti və bir çox hökumət rəsmisi çinli həmkarlarına başsağlığı ünvanlayıb, Bakı Pekinə istənilən vaxt hər cür kömək etməyə hazır olduğunu bəyan edib.

Təkcə Sumqayıt şəhəri dostluq əlaqələri olan Mienyen və Sian şəhərlərinə 20 ton humanitar yardım da göndərib, çox sayda azərbaycanlı “Uhan irəli! Çin irəli!” şüarı ilə virtual dəstək aksiyası keçirib. Bundan başqa, Çində epidemiyanın ən pik dövründə Azərbaycanın “Silk Way” aviaşirkəti buraya təcili tibbi yardım yükünün daşınmasını davam etdirib – o, həmin günlərdə bunu edən nadir şirkətlərdən olub.

Artıq pandemiyanın digər ölkələrə, o cümlədən Azərbaycana da yayıldığını xatırladan diplomat bu gün eyni addımları Çinin atdığını, müxtəlif ölkələrə yardım etdiyini söyləyib.

Çin Xarici İşlər Nazirliyi ilə Milli Səhiyyə Komitəsinin birgə dəstəyilə təşkil olunmuş videokonfransda hər iki ölkədən olan mütəxəssislər iştirak edib. Videokonfransın təşkilində məqsəd çinli mütəxəssislərin yeni koronavirus epidemiyasının qarşısının alınması və müalicəsindəki təcrübəsinin bölüşülməsi, Azərbaycan xalqının təhlükəsizliyinin təmini üçün yerli hökumətə lazımi tədbirlərin vaxtında həyata keçirtməsində yardım göstərilməsi idi.

Artıq Çin hökuməti yeni koronavirusun aşkarlanması üçün Azərbaycana reaktivlər də göndərib. Bir çox Çin şirkətisə öz növbəsində, Azərbaycanı tibbi ləvazimatlarla təmin etməyə hazır olduğunu bəyan edib.

Əkrəm Zeynallı ölkəsinin vaxtında göstərilən bu köməyi yüksək qiymətləndirdiyini bildirib, Azərbaycanın bunu heç zaman unutmayacağını deyib. Səfir vurğulayıb ki, Çinin daxildə epidemiya ilə mübarizəni davam etdirdiyi bir vaxtda imkanı daxilində digər ölkələrə də yardım göstərməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilməlidir.

Bu gün Çin 82 ölkəyə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına və Afrika İttifaqına yardım edir.

Virus sərhəd tanımır. Lakin hər bir halda epidemiya bir gün sona çatır. Əkrəm Zeynallı hesab edir ki, belə durumlarda ölkələr birgə mübarizə aparmalı, müxtəlif vasitələrlə epidemiyanın qarşısını almaq üçün əllərindən gələni əsirgəməməlidir.

Mənbə: worldmedia.az