Deputat: “Azərbaycan Ordusunda bütün qabaqlayıcı tədbirlər görülüb”

Deputat: “Azərbaycan Ordusunda bütün qabaqlayıcı tədbirlər görülüb”

"Azərbaycanda elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər davam etdirilir. Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədi ilə sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir. Belə gücləndirilmiş tədbirlər Azərbaycan Ordusunda da davam etdirilir”.

Bunu "MediaPost”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O, bütün qoruyucu tədbirlərin hələ ölkədə virusun geniş yayılmadığı vaxtdan başladığını bildirib: "Artıq Ermənistanda koronavirusa yoluxanların sayı 571 nəfərə çatıb. Çünki virusun profilaktikası üçün zəruri tədbirlər görülmür. Pandemiya təhlükəsini ciddiyə almaq üçün də vətəndaşlıq sevgisi olmalıdır.

Bu gün Azərbaycan Ordusunda bütün qabaqlayıcı tədbirlər görülüb və bu işlər tam sürətilə davam edir. Ona görə ordumuzda koronavirusa yoluxma halları yoxdur. Dezinfeksiya işlərinə hələ ölkədə virusun geniş yayılmadığı vaxtdan başlanılıb. Ona görə valideynlər də, hərbçi yaxınları da bu gün onlardan tam arxayındırlar. Bilirlər ki, dövlətin hərbi qulluqçulara diqqəti, qayğısı hansı dərəcədədir”.

Siyasi şərhçi Azər Həsrət isə orduda görülən dezinfeksiya işlərinə görə şəxsi heyətin xidməti rahat formada davam etdirdiyini deyib:

"Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuların sağlamlığını həmişə ön planda saxlayırlar. Bunun nəticəsidir ki, virusa qarşı əsgərlərimizin immuniteti güclüdür, fiziki sağlamlığı yerli-yerindədir. Gərək olmayan narahatlığa ehtiyac yoxdur. Tapşırıqlara əsasən, profilaktik tədbirlər, dezinfeksiya işləri görülür və görülən işlərə daim nəzarət var. Biz ölkəmizin gücünə, onun bütün probleləri həll etmə bacarığına inanırıq. İndiyə qədər hansı problemlər çözülməyib ki bunun da öhdəsindən gəlməyək? Birlikdə olmağımız gücümüzdür. Bu gün ölkə rəhbərliyi də, ordu da, hüquq-mühafizə orqanları da, vətəndaşlar da birlik nümayiş etdirir”.

O, bütün dünyanın bu virusla mübarizə apardığını bildirib. A.Həsrət əlavə edib ki, Aərbaycan Ordusu bu mübarizəni necə aparacağını yaxşı bilir:

"Dünyada mövcud olan koronavirus təhlükəsi hər bir ölkənin vətəndaşını narahat edir. Gün ərzində yoluxanların sayı sürətlə artır. Belə bir vəziyyətdə Azərbaycan yoluxma sayı az olan ölkələr sırasındadır. Düzdür, biz heç bir insanın yoluxmasını istəməzdik, ancaq bu, pandemiyadır. Təhlükə qaçılmazdır, gərək fərd olaraq hər birimiz diqqətli olaq.

Ordumuzda görülən işlər onu göstərir ki, Müdafiə Nazirliyinin rəhbərliyi virusla mübarizənin necə aparıldığını yaxşı bilir. Bütün tədbirləri elə görüblər ki, hərbçilər arasında virusa yoluxanlar olmasın. Əsgərlərlə valideyn görüşlərinin müvəqqəti dayandırılması, dezinfeksiya işlərinin gücləndiriməsi yoluxma ehtimalını minimuma endirmək deməkdir”.

Mənbə: qaynarinfo.az