Serbiya qəzetində Dağlıq Qarabağda keçirilən qanunsuz seçkiləri pisləyən məqalə dərc olunub

Serbiya qəzetində Dağlıq Qarabağda keçirilən qanunsuz seçkiləri pisləyən məqalə dərc olunub

Serbiyanın “Danas” qəzetində (həmçinin internet səhifəsində) Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilmiş qondarma “prezident və parlament seçkilər”ini pisləyən “Nagorno – Karabah i “izbori” başlıqlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Seriyadakı səfirliyinin təşəbbüsü ilə dərc olunan məqalədə bu “seçkilər”in Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğu, işğal faktının birtərəfli qaydada qanuniləşdirildiyi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in qərarlarının heçə sayıldığı, habelə Dağlıq Qarabağda tarixən yaşamış azərbaycanlıların seçki hüquqlarının nəzərə alınmadığı vurğulanır. Eyni zamanda, bu saxta “seçkilərin” 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə təyin olunmasının erməni riyakarlığının bir daha təsdiqi kimi dəyərləndirilir və bu qanunsuz “seçkilər”in danışıqlar prosesinə daha bir zərbə olduğu, habelə vəziyyətin gərginləşməsinə xidmət etdiyi ifadə olunur.

Qeyd edilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər.

Sonda müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, BMT Təhlükəsizlik Şurasının qətnamələri, habelə Helsinki Yekun Aktı əsasında həll edilməli olduğunu bildirir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Mənbə: azertag.az