Naxçıvan Dövlət Televiziyası və Radiosu, “Nuhçıxan” İnformasiya Agentliyi yeni-yeni uğurlara imza atır

Naxçıvan Dövlət Televiziyası və Radiosu, “Nuhçıxan” İnformasiya Agentliyi yeni-yeni uğurlara imza atır

88 il bundan əvvəl – 1932-ci il aprelin 1-də Naxçıvanda ilk dəfə olaraq Radio Verilişləri Komitəsi, 2018-ci ildə isə “Nuhçıxan” İnformasiya Agentliyi yaradılıb.

Keçilən uzun və şərəfli yüksəliş yolu

1963-cü il martın 12-də qısa xəbərlərlə televiziyanın ilk sınaq yayımı həyata keçirilib, avqust ayının 14-də isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi təşkil olunub. Həmin dövrdə maddi-texniki bazası zəif olan, cəmi bir baş redaksiya ilə fəaliyyət göstərən Naxçıvan Dövlət Televiziyasının yayım dairəsi də olduqca məhdud idi.

Naxçıvan teleradiosu 1969-cu ilədək yalnız Naxçıvan şəhərində yayımlanıb. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra bütün sahələrdə olduğu kimi, televiziya və radio da yeni inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərimizin tapşırığı ilə qısa müddət ərzində Azərbaycan Televiziyasının verilişlərinin muxtar respublika ərazisində yayımlanması və yerli teleradionun imkanlarının genişləndirilməsi üçün texniki məsələlər öz həllini tapıb, verilişlərin qəbulu üçün 10-dan çox radio-televiziya xətti və yarımstansiyalar quraşdırılıb. Bununla da, teleradionun muxtar respublikanın əksər bölgələrində yayımlanmasına nail olunub.

“Televiziya məktəb qədər vacib bir sahədir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə Naxçıvan Dövlət Televiziyası və Radiosu böyük inkişaf yolu keçib, teleradio müstəqil kanalda yayımlanmağa başlayıb. Televiziyanın maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, ən müasir texniki avadanlıqlarla təchiz edilib. Muxtar respublikada yeni yayım avadanlıqlarının tətbiqi nəticəsində analoq yayım yüksəkkeyfiyyətli rəqəmsal yayımla əvəzlənib. Bu gün Naxçıvan Dövlət Televiziyasının yüksəkkeyfiyyətli HD formatda yayımını uğurla davam etdirir. İlbəil avadanlıqları yenilənən dövlət teleradiosunda bu gün dünyanın qabaqcıl ölkələrinin teleradiolarında istifadə olunan ən müasir texniki avadanlıqlar quraşdırılıb.

İstər Naxçıvan Dövlət Televiziyasında, istərsə də Naxçıvan Dövlət Radiosunda yaradılan maddi-texniki imkanlar, öz növbəsində, yaradıcı işin keyfiyyətinə də təsir edib. Əgər əvvəllər Naxçıvan Dövlət Televiziyasının istehsalı olan telemateriallar ümumi efirin 20-25 faizini təşkil edirdisə, hazırda bu rəqəm 70 faizi ötüb. Son illər ərzində onlarla sənədli və televiziya filmi çəkilib.

Bu gün dünyanın istənilən yerindən Naxçıvan televiziyasını internet vasitəsilə (naxcivantv.az) izləmək mümkündür. Belə ki, 2016-cı il oktyabrın 17-də – Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan Dövlət Televiziyası internet üzərindən yayıma başlayıb. Bu gün televiziyanın internet vasitəsilə izlənilməsi muxtar respublikanın tanıdılmasına, burada görülən böyük quruculuq tədbirlərinin, insanların yaşayış səviyyəsi, qədim diyarın mədəniyyəti, tarixi-mədəni irsi və milli dəyərləri haqqında məlumatların daha geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan verir.

“Nuhçıxan” İnformasiya Agentliyi geniş oxucu və izləyici auditoriyasının inamını qazanıb

İki il bundan əvvəl “Nuhçıxan” İnformasiya Agentliyinin yaradılması qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların geniş oxucu, tamaşaçı və izləyici auditoriyasına çatdırılmasına geniş imkanlar açıb. Agentliyin əsas uğurlarından biri də Naxçıvan Muxtar Respublikası barədə informasiyaların dünya miqyasında yaymasıdır. Artıq ölkə və dünya mediası Naxçıvanla bağlı istənilən informasiyada agentliyə istinad edir. Agentliyin ölkəmizdəki, eləcə də Türkiyədəki bir çox informasiya portalları ilə səmərəli əməkdaşlığı vardır. Bu gün “Nuhçıxan” İnformasiya Agentliyinin kollektivi Naxçıvan həqiqətlərini olduğu kimi ictimaiyyətə çatdırır. Fəxrlə demək olar ki, agentlik qərəzsiz, dəqiq, operativ və obyektiv informasiyanın çatdırılması sahəsində artıq yeni bir yanaşmanın – Naxçıvan nümunəsinin əsasını qoyub.

Agentlik ötən iki il ərzində geniş oxucu kütləsinə təqdim etdiyi dəqiq və operativ xəbərlər, məlumatlar müasir jurnalistikanın tələblərinə uyğun şəkildə işlənərək çatdırılıb. İnternet saytının imkanlarından istifadə edilərək materiallar yazı, foto və video formatında hazırlandığı üçün oxucu və izləyicilərin diqqətini çəkməklə yanaşı, onlar üçün rahat və əlçatan olub. Yoxlanılmış dəqiq faktlar, tutarlı dəlillər, rəsmi mənbələrdən əldə edilən məlumatların təqdimatı sayta oxucu və izləyici auditoriyasının inamını qazandırıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncam və fərmanlarını, rəsmi qurumların mətbuat xidmətlərinin göndərdiyi məlumatları, peşəkar jurnalistlərin yazdığı ictimai-siyasi əhəmiyyətli yazıları hər gün on minlərlə insan maraqla məhz “Nuhçıxan”dan izləyir.

AZƏRTAC-ın Naxçıvan bürosu

Mənbə: azertag.az