Almaniya Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır

Almaniya Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır

Azərbaycanın işğal olunmuş ərazilərində martın 31-də keçirilmiş qondarma “prezident və parlament seçkilərinə” Almaniya XİN-in Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibertin “tvitter” səhifəsindəki bugünkü paylaşımı ilə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, M.Zibert Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin sözçüsü Peter Stanonun aidiyyəti paylaşımını bölüşüb və əlavə edib: “Biz Dağlıq Qarabağda dünən keçirilmiş qondarma “prezident və parlament seçkilərinin” hüquqi çərçivəsini tanımırıq. Seçki və onun nəticələrini qanunsuz hesab edirik”.

Bundan əlavə, Bundestaqın deputatları da qanunsuz “seçkilərə” münasibət bildiriblər.

Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavini Helin Evrim Zommer M.Zibertin “tvitter” paylaşımını bölüşərək bu sözləri qeyd edib: “Təəccüb doğuracaq səviyyədə açıq-aydın bəyanat (əla işarəsi). Eyni zamanda, vurğulanmalıdır ki, korona pandemiyası dövründə Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən qondarma “seçkilərin“ keçirilməsi əhalinin sağlamlığının mühafizəsi baxımından siyasi məsuliyyətsizlikdir”.

Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının Şərq Tərəfdaşlığı ölkələri üzrə məruzəçisi Nikolas Löbel də “tvitter” hesabında paylaşım edib. O, “seçkiləri” tanımadıqlarını bildirib və əlavə edib ki, bu “seçkilər” gələcək statusun müəyyənləşdirilməsinə və ya danışıqların nəticələrinə təsir göstərə bilməz: “Biz münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləyirik”.

İqtisadiyyat və enerji komitəsinin üzvü Mark Hauptman etdiyi paylaşımda bildirib: "Ermənistan dərhal Dağlıq Qarabağla oyun oynamağı dayandırmalıdır. Avropa Komissiyası açıq-aydın Azərbaycana məxsus olan (4 BMT qətnaməsi) ərazidə keçirilən saxta “seçkiləri” tanımamaqda tamamilə haqlıdır".

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Mənbə: azertag.az