Sevil Mikayılova: "Ermənistan işğalçı ölkə kimi heç bir zaman dəstək almayıb və almayacaq"

Sevil Mikayılova: "Ermənistan işğalçı ölkə kimi heç bir zaman dəstək almayıb və almayacaq"

Bütün dünyada hazırkı pandemiya həyəcanı yaşandığı bir dövrdə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə davamlı şəkildə atəşkəs rejimini pozması mahiyyət etibarilə işğalçı ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqedə olduğunu bir daha sərgiləyir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

Onun sözlərinə görə, Ermənistan hökuməti ölkədə kəskin sürətlə artan epidemiya fonunda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində öz təcavüzkar əməllərini davam etdirməkdən çəkinmir və ağır dönəmdə beynəlxalq hüquq normalarını bir daha kobudcasına pozur:

"Üzdəniraq separatçı rejimin bir neçə gün əvvəl keçirilmiş qeyri-qanuni və saxta "parlament və prezident seçkiləri" Ermənistandakı hazırkı rejim tərəfindən həyata keçirilən növbəti uğursuz taktikadır. Dünya birliyi, xüsusilə, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar tərəfindən birmənalı pislənməsi və tanınmaması təcavüzkar dövlət və qondarma "Dağlıq Qarabağ Respublikası"nın qeyri-qanuni hərəkətlərinə tutarlı cavabdır".

Deputat bildirib ki, Ermənistan dövləti çoxdan çatlamış siyasi hakimiyyəti ilə artıq beynəlxalq birliyin qınağına çevrilib və beynəlxalq qanunun aliliyini ayaqlar altına atan işğalçı ölkə kimi heç bir zaman dəstək almayıb və almayacaq:

"Azərbaycan dövləti beynəlxalq qanunun ədalətinə inanaraq öz haqq işini davam etdirir və bütün yüksək kürsülərdən işğalçı Ermənistanın bəşəriyyəti və regional təhlükəsizliyi təhdid edən təcavüzkar siyasətini və əməllərini ifşa edir. Azərbaycan rəhbərliyi hər zaman Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mərhələli həllini dəstəklədiyini bəyan edir və Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın hüquqi ərazilərindən birmənalı və qeyd-şərtsiz çıxarılmasını əsas prinsip kimi irəli sürür. Beləliklə, Ermənistan hökuməti beynəlxalq hüququ ya tanımalıdır, ya da beynəlxalq hüquq normalarına uyğun buna məcbur edilməlidir".

Milli.Az

Mənbə: news.milli.az