Avropa İttifaqı ölkələrinin vətəndaşlığını alanların sayında azalma müşahidə edilir

Avropa İttifaqı ölkələrinin vətəndaşlığını alanların sayında azalma müşahidə edilir

Vyana, 4 aprel, AZƏRTAC

Ötən illərdə Avropa İttifaqı (Aİ) ölkələrində vətəndaşlıq əldə edən əcnəbilərin sayı aşağı düşüb.

AZƏRTAC xəbər verir ki, Aİ Statistika İdarəsi (Eurostat) bu barədə statistikanı yayıb. Statistikada artıq üç ildən bəri əcnəbilərə Aİ vətəndaşlığı verilməsinə azalan tendensiya müşahidə olunur. 2016-cı ildə Aİ ölkələrində ümumilikdə 843 min 900 əcnəbiyə, 2017-ci ildə 700 min 600 əcnəbiyə, 2018-ci ildə isə 672 min əcnəbiyə vətəndaşlıq verilib.

Aİ ölkələrində vətəndaşlıq alanların 13 faizi digər üzv ölkənin vətəndaşları olub, lakin böyük əksəriyyət qeyri-Aİ ölkələri vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olublar. Aİ vətəndaşlığı əldə edən əcnəbilər arasında ilk yerdə Mərakeş sakinləri (67 min 200 nəfər) sayılır, sonrakı yerlərdə isə Albaniya (47 min 400 nəfər), Türkiyə (28 min 400 nəfər) və Braziliya (23 min 100 nəfər) vətəndaşları dayanır.

Ölkə əhalisinin sayına görə ən çox əcnəbiyə vətəndaşlıq verən Avropa ölkəsi İsveç olub. Burada yaşayan hər 100 əcnəbinin yeddi nəfəri İsveç vətəndaşlığı alıb, sonrakı yerlərdə isə Rumıniya və Portuqaliya dayanırlar. Ən az əcnəbiyə vətəndaşlıq verən ölkələr siyahısında isə Danimarka, Latviya, Litva və Estoniyanın adına rast gəlmək mümkündür. Bu ölkələrdə hər yüz əcnəbidən təxminən bir nəfərə vətəndaşlıq verilib.

Mənbə: azertag.az